
Türkiyənin Şanlıurfa şəhərində məktəbə baş verən silahlı hücumdan sonra müəllimlər kütləvi etiraz aksiyaları keçiriblər.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, etiraz edən müəllimlər təhsil naziri Yusuf Tekinin istefasını tələb edirlər. Onlar bildirirlər ki, məktəblərdə təhlükəsizlik uzun müddətdir yetərli səviyyədə təmin olunmur. Müəllimlərin iddiasına görə, son hücumun şübhəlisi sosial mediada öncədən təhdidlər paylaşsa da, hüquq-mühafizə orqanları buna adekvat reaksiya verməyib.
Paytaxt Ankara şəhərində keçirilən aksiyalar zamanı isə vəziyyət gərginləşib. Təhsil Nazirliyinin qarşısında toplaşan etirazçılarla polis arasında toqquşmalar baş verib. Aksiya iştirakçıları hökuməti təhsil müəssisələrində təhlükəsizliyi təmin etməməkdə günahlandırır və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.
Qeyd edək ki, son üç gün ərzində Türkiyədə məktəblərdə iki silahlı hücum qeydə alınıb. Aprelin 14-də Şanlıurfa əyalətində keçmiş şagird ov tüfəngi ilə məktəbə hücum edərək 16 nəfəri yaralayıb, daha sonra intihar edib. Aprelin 15-də isə Kahramanmaraş şəhərində səkkizinci sinif şagirdi məktəbdə atəş açaraq bir müəllim və üç şagirdi öldürüb, təxminən 20 nəfəri yaralayıb. Məlumatlara görə, hücumçu atasına məxsus silahlardan istifadə edib və hadisədən sonra özünü öldürüb.
Tətbiqimizi yükləyə bilərsiniz