
Bu ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən ölkədə 6,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Hasilatın 3,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı 1,7 milyon ton təşkil edib.
Bu dövrdə 5,2 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3 milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13 min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 74 min ton (555 min barrel) olub.
Hesabat dövründə neftin emalı 1,4 milyon ton təşkil edib.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə neft hasilatı 0,3 milyon ton və ya 4,3% azalıb. Hasilat “Azəri-Çıraq-Günəşli”də 0,1 milyon ton, “Şahdəniz”də 0,1 milyon ton, “Abşeron”da isə 0,04 miyon ton azalıb. SOCAR üzrə neft hasilatı da 0,1 milyon ton aşağı düşüb.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında neftin ixracı 0,5 milyon ton azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz