Zamanı hiss etmək, yoxsa zamanı yaşamaq?..


Bu günə kimi zaman haqqında çox sözlər deyilib, yəqin ki, bundan sonra da çox sözlər deyiləcək. Zamanın sirri açılsa da, açılmasa da, biz həmişə onun axarında axıb gedirik. Qəribədir ki, bəzən zamanın necə gəlib keçdiyini özümüz də bilmirik, ancaq bəzən də bir anı, az qala, bir il kimi hiss edirik. Deməli, zaman məfhumu şüurumuzda ətrafımızdakı hərəkətlərə və dəyişikliklərə görə formalaşır. Bir sözlə, biz hərəkətləri və dəyişiklikləri zamanın içində yaşamırıq, zamanı hərəkətlərə və dəyişikliklərə görə dərk edirik. Buna görə də, zaman təkcə saat və ya təqvim deyil. Əgər dünya öz oxu ətrafında fırlanmasa idi, yəqin ki, biz zamanı tamam başqa şeylərə görə müəyyən edərdik.

Zaman və şüur
Bəzən bir neçə dəqiqə yuxuladıqdan sonra özümüzü uzun müddət yatmış kimi hiss edirik. Bəzən də bir neçə saat yatıb durduqdan sonra özümüzü cəmi bir neçə dəqiqə yuxulamiş kimi d\rk edirik. Bir növ ölümlə qardaş olan yuxuda müvəqqəti də olsa, şüurumuzu itirdiyimiz üçün artıq heç bir hərəkəti, heç bir dəyişikliyi hiss etmirik. Hətta yuxuda öz hərəkətlərimizdən də, öz dəyişikliklərimizdən də xəbərsiz oluruq. Əslində, bu şüurun itməsi ilə bağlı zamansızlığın meydana gəlməsi deməkdir. Deməli, zaman bizimlə və xarici aləmlə bağlı olan səbəblər nəticəsində meydana gəlir və bunun üçün də, əsasən, iki şərt lazımdır: birincisi, canlı şüur, ikincisi, canlı hərəkət və ya canlı dəyişiklik (əlbəttə ki, həm daxili aləmimizdə, həm də xarici dünyamızda).
Müəyyən vaxtlarda, məsələn, səhər günəşin doğmasından uzun müddət sonra oyandıqda və ya axşama yaxın yatıb günəş batandan sonra qalxdıqda ruhumuzu bədbinlik bürüyür. Hətta bu vaxtlarda insanın keçirdiyi hissləri sözlə belə ifadə etmək çətin olur.
Bəzən xəyala dalırıq, keçmişi xatırlayır və ya gələcək haqqında düşünürük. Bu vaxtlarda da ətrafımızda baş verən hərəkətləri, dəyişiklikləri (bir sözlə, zamanın necə axıb getdiyini) hiss etmirik. Xəyallardan ayıldıqdan sonra isə nə qədər vaxt keçdiyini təyin etməkdə çətinlik çəkirik. Bu isə zamanın izafiliyidir. Zaman yaradılır, lakin biz zamanı öz düşüncələrimizə, hərəkətlərimizə görə hiss edirik. Əslində, şüurumuz zamanı ölçmür. Çünki izafi şeyləri ölçmək mümkün deyil. Hərəkətin və ya dəyişikliyin özünün də zamana ehtiyacı var. Lakin hərəkət və ya dəyişiklik olmadan zamanı hiss etmək qeyri-mümkündür.

Zaman və sürət
30 yaşından sonra zamanın daha sürətlə ötüb keçdiyini, illərin bir göz qırpımında axıb getdiyini düşünürük. Çünki həm səviyyəmiz, həm də hadisələrə baxışımız dəyişir. Məşhur yunan mütəfəkkiri Seneka (e.ə. 4 - e.s. 65-ci illər) həyatın qısalığından bəhs edərək deyir: “Çox vaxt itiririk. Çünki həyat kifayət qədər uzundur. Çox böyük işlər görmək üçün kifayət qədər vaxt var. Ondan nə qədər çox istifadə etmək isə bizim hünərimizdir. Bəli, bizə bağışlanan həyat qısa deyil, onu qısaldan bizik. Bizə bəxş edilən ömür boş deyil, onu boşaldan bizik. Həyatdan istifadə etməyi bacaranlar üçün həyat uzandıqca uzanır”...
Bəziləri yavaş hərəkət edir, çox az işi uzun vaxtda görürlər. Bəziləri isə çox sürətlidirlər, zamanı, haradasa, saniyələrlə hiss edirlər. Qısa bir zaman kəsiyi onlara uzun bir vaxt kimi gəlir. Bəzən saata, təqvimə baxmaq da ağıllarına gəlmir. Elə biz də zamanın əsl qiymətini belə vaxtlarda dərk edirik.
Yenə də Senekanın fikirlərinə qayıdaq: “Hər birimiz keçmişin cazibəsinə qapılır və hər şeyi gələcəkdən gözləyirik. Sonra da yaşadığımız zamanı ittiham edərək, əzab çəkirik. Bir insanın ağ saçları və ya qırışları onun çox yaşamağından xəbər vermir. Bəzən insan uzun müddət yaşamır, uzun müddət mövcud olur. Əgər dəhşətli fırtına bir insanı limanın girişində atıb-tutursa, biz onun dənizdə çox səyahət etdiyini deyə bilərikmi? O, dənizdə çox səyahət etmir. O, sadəcə olaraq, fırtınalı günlərdə dəniz sularında ləngər vurur”.
Başqa bir hikmət sahibi isə bu haqda deyir: “Ən uzunömürlülər ən çox yaşayanlar deyil, həyatlarından ən çox istifadə edənlərdir. Bu ölçüyə görə yüz yaşında saniyələrin bərəkətindən məhrum qalmış qısa ömürlülər olduğu kimi, on yaşında illərin (bəlkə də min illərin) bərəkətini qazanmış uzunömürlülər də yox deyil”.

Murad Məmmədov  



 

DİGƏR XƏBƏRLƏR

Top