MDU-nun əməkdaşı və tələbəsi qızıl medal qazanıb


2026-cı ilin 28 fevral – 1 mart tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Pauerliftinq və Benç-Press üzrə Azərbaycan Çempionatında Mingəçevir Dövlət Universitetinin nümayəndələri uğurlu nəticələr əldə ediblər.
Çempionatda universitetin məşqçi-müəllimi Mehman Baxışov, tələbələr Vaqif Əhmədli və Şamil Daşdəmirov iştirak edərək yüksək idman göstəriciləri nümayiş etdiriblər. Yarışların nəticələrinə əsasən məşqçi-müəllim Mehman Baxışov master kateqoriyasında I yerə, tələbə Vaqif Əhmədli gənclər arasında I yerə, Şamil Daşdəmirov isə III yerə layiq görülüb. Uğurlu çıxış edən MDU nümayəndələri çempionatın təşkilatçıları tərəfindən medal və diplomlarla təltif olunublar.
Qazanılan nailiyyətlər Mingəçevir Dövlət Universitetində də yüksək qiymətləndirilib. 2026-cı ilin 5 mart tarixində keçirilən Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclasında məşqçi-müəllim Mehman Baxışov Şuranın qərarına əsasən mükafatlandırılıb. Həmçinin çempionatda uğur qazanan tələbələr universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılaraq onların idman sahəsində əldə etdikləri nəticələr xüsusi olaraq qeyd olunub.
Həmçinin, Mingəçevir Dövlət Universitetinin “Sosial iş” ixtisasının I kurs tələbəsi Nazpəri Cabbarova kikboksinq üzrə keçirilən Azərbaycan çempionatında çempion adını qazanıb. Onun bu uğuru da universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və Nazpəri Cabbarova Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində tələbələrin idman fəaliyyətinin dəstəklənməsi, sağlam həyat tərzinin təşviqi və universitetin müxtəlif idman növlərində ölkə miqyasında uğurla təmsil olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Elde olunan bu nəticələr MDU tələbələrinin və müəllimlərinin idman potensialının və universitetdə formalaşan sağlam idman mühitinin bariz göstəricisidir.

DİGƏR XƏBƏRLƏR

Top