Rusiyanın ən böyük kriptovalyuta şirkətinin rəhbəri həbs edilib


Rusiyanın ən böyük kriptovalyuta şirkəti olan “BitRiver”in təsisçisi və baş direktoru İqor Runets Moskvada hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, o, aktivlərini gizlətməkdə və vergidən yayınmaq məqsədilə maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham olunur.
Moskva məhkəməsinin qərarı ilə iş adamı barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və ona cərimə tətbiq edilib.
Eyni zamanda, Sibirdə bir neçə iri məlumat mərkəzinə sahib olan “BitRiver” şirkətinin ciddi maliyyə böhranı yaşadığı bildirilir. Şirkət artıq iflas prosesi ilə üz-üzədir.
“BitRiver” üçün problemlər 2022-ci ildə ABŞ hökumətinin şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra başlayıb. Sanksiyalar nəticəsində Yaponiyanın SBI bankı da daxil olmaqla, əsas xarici tərəfdaşlar şirkətlə əməkdaşlığı dayandırıblar.
Məlumata görə, hazırda “BitRiver”in yüksək rəhbər heyətinin təxminən 80 faizi şirkəti tərk edib. Qalan əməkdaşlar isə maaşların gecikdirilməsi ilə üzləşiblər. Bloomberg”in yazdığına görə, şirkətin maliyyə göstəriciləri ictimaiyyətə açıqlanmasa da, “BitRiver” mövcud borc öhdəliklərini yerinə yetirə bilmir və iflas qaçılmaz görünür.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top