
Barselonadakı Vall d'Hebron Xəstəxanasında üz nəqli əməliyyatı həyata keçirilib. Dünyada ilk dəfə olaraq donor evtanaziyadan əvvəl üzünü bağışlamağa razılıq verən bir qadın olub.
Yeniavaz.com klinikanın məlumatına istinadən xəbər verir ki, dəri, əzələ, qan damarı və sinir nəqli əməliyyatında psixiatrlar və immunoloqlar da daxil olmaqla təxminən 100 mütəxəssis iştirak edib.
Resipient Karme adlı bir qadın olub (tam adı gizli saxlanılır). Kanar adalarında həşərat sancmasından sonra inkişaf edən bakterial infeksiya səbəbindən üz toxumasının nekrozu keçirib. Xəstəlik onun danışmaq, yemək və görmək qabiliyyətini pozub.
Əməliyyat 2025-ci ilin payızında baş tutub. 2 fevral bazar ertəsi günü Karme mətbuat konfransında çıxış edərək sağalmasının yaxşı getdiyini açıqlayıb. Sağalma başa çatdıqda Karmenin təkcə həyati funksiyalarını deyil, həm də üz ifadələrini tam bərpa edəcəyi gözlənilir. Donorun ölüm tarixi əvvəlcədən məlum olduğundan, həkimlər əməliyyatı daha diqqətlə hazırlaya biliblər və bu da əməliyyatı xeyli asanlaşdırıb.
Vall d'Hebron Xəstəxanası orqan nəqli sahəsində dünya lideri hesab olunur. Dünyada ilk tam üz nəqli 2010-cu ildə məhz burada həyata keçirilib.
Qeyd edək ki, İspaniyada 2021-ci ildə evtanaziya qanuniləşdirilib. 2024-cü ildə bu prosedur 426 nəfərə tətbiq edilib.
Tətbiqimizi yükləyə bilərsiniz