BTQ dəmir yolu xətti ilə bağlı yeni müqavilə imzalandı


“Gürcüstan Dəmir Yolları” “Bakı-Tbilisi-Qars” (BTQ) dəmir yolu xəttinin Marabda-Kartsaxi hissəsində yük daşımalarının həyata keçirilməsi üçün eksklüziv hüquq əldə edib.
Yeniavaz.com
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bununla bağlı müqavilə bu gün “Gürcüstan Dəmir Yolları”nın baş direktoru Laşa Abaşidze, “BTKI Railways” MMC-nin baş direktoru Levan Kankava və Mikael Abasov tərəfindən imzalanıb.
Bildirilir ki, razılaşma Gürcüstanın iqtisadiyyat nazirinin müavini Tamar İoseliani, “Gürcüstan Dəmir Yolları”nın baş direktoru Laşa Abaşidze və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov arasında keçirilən görüşdən sonra əldə olunub.
Görüşdə vurğulanıb ki, Gürcüstan və Azərbaycan dəmir yolları arasında imzalanan bu müqavilə ölkənin dəmir yolu infrastrukturu və regional iqtisadi əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Sənədin dəmir yolu daşımalarında rəqabət qabiliyyətini artıracağı, həmçinin Gürcüstanın tranzit və logistika imkanlarını gücləndirəcəyi qeyd olunub.
Nazirliyin mətbuat açıqlamasında bildirilir ki, Gürcüstan və Azərbaycan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində uğurla əməkdaşlıq edirlər.
Məlumat üçün bildirək ki, 2024-cü il aprelin 30-da Bakı və Tbilisi şəhərlərində imzalanan “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş”ə dəyişiklik edilməsi barədə Protokol” təsdiq edilib.
Bu protokolda qeyd olunur ki, sahənin inşası başa çatdıqdan və istismara verildikdən sonra sahənin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə cəmiyyəti və “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin törəmə cəmiyyəti tərəfindən bərabər payla Gürcüstanın qanunvericiliyinə uyğun təsis ediləcək birgə müəssisəyə veriləcəkdir.
Bildirilib ki, tərəflərin ilkin yazılı razılığı olmadan sahənin dəmir yol infrastrukturunun istismar və idarə edilməsi hüququ üçüncü şəxsə verilə bilməz və kreditlər tam ödənilənə qədər fəaliyyət göstərəcək.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top