
Xəbər verdiyimiz kimi, Mehdiabaddan “28 May” metrostansiyasına qədər tramvay xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb.
Yeniavaz.com xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Mehdiabaddan Binəqədinin cənub istiqaməti ilə “28 May” stansiyasına kütləvi sərnişindaşıma həllinin tətbiqi nəzərdə tutulub.
Bəs tramvay xətti hansı istiqamətlərdən keçsə, kütləvi sərnişindaşımaya müsbət təsir göstərə bilər?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, tramvay xəttinin bərpası ümumilikdə müsbət təşəbbüsdür, amma əsas məsələ bu layihənin Bakının real nəqliyyat problemlərinə nə dərəcədə uyğun olmasıdır:
“Əgər yeni xətlər tıxacın nisbətən az olduğu mərkəzi hissələrdə qurulacaqsa, bu, ümumi yükü azaltmaqda ciddi effekt verməyə bilər. Əksinə, əsas giriş-çıxış dəhlizlərini hədəfləyən, metro və avtobus xətləri ilə inteqrasiya olunan tramvay marşrutları real rahatlıq yarada və şəxsi avtomobildən istifadəni azalda bilər. Nəticə etibarilə, tramvay ideyasının özü deyil, onun tətbiq məntiqi və marşrut seçimi həlledici rol oynayır. Bakı üçün əsas məqsəd vizual və simvolik layihələr deyil, gündəlik tıxacdan əziyyət çəkən minlərlə sürücü və sərnişinin problemini həqiqətən yüngülləşdirən həllər olmalıdır. Bu baxımdan, nəqliyyat layihələri şəhərin ən ağrılı nöqtələrinə fokuslanmadan gözlənilən effekti verməyəcək”.
Adil Nəbiyev qeyd edib ki, əgər məqsəd həqiqətən tıxacları azaltmaqdırsa, tramvay xətləri ən çox nəqliyyatın olduğu əsas giriş-çıxış yollarında salınmalı idi:
“Çünki tıxac problemi əsasən məhz bu istiqamətlərdə yaranır və hər gün minlərlə insanın vaxt itkisinə səbəb olur. Nisbətən az yüklənmiş və ya alternativ marşrutlara tramvay çəkilməsi isə problemin kökünə toxunmur, sadəcə vizual olaraq ictimai nəqliyyatın inkişafı görüntüsünü yaradır. Əsas magistrallarda tramvay xəttinin olmaması avtomobildən ictimai nəqliyyata real keçidi də stimullaşdırmır. İnsanlar tıxacın ən çox olduğu yerlərdə rahat və sürətli alternativ görmədikcə, şəxsi avtomobildən imtina etmirlər. Bu halda tramvay mövcud nəqliyyat axınını azaltmaq əvəzinə, əlavə infrastruktur yükünə çevrilir və gözlənilən effekti vermir”.
Adil Nəbiyev son olaraq tramvayın şəhərin real nəqliyyat problemlərini həll etməkdə yetərli olmadığını qeyd edib:
“Belə yanaşma planlamanın real nəqliyyat ehtiyaclarına deyil, daha çox texniki rahatlığa və ya vizual layihələndirməyə əsaslandığını göstərir. Halbuki effektiv nəqliyyat siyasəti çətin olanı seçməyi, yəni ən problemli nöqtələrə müdaxilə etməyi tələb edir. Əks halda, tramvay xətləri tıxacların həlli aləti yox, sadəcə alternativ nəqliyyat layihəsi kimi qalır və şəhər sakinlərinin gündəlik problemlərini köklü şəkildə azaltmır”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz