
2025-ci ildə Gürcüstanda fəaliyyət göstərən banklar rekord səviyyədə mənfəət əldə ediblər.
Yeniavaz.com Gürcüstan Milli Bankının açıqladığı məlumatlara istinadən xəbər verir ki, bank sektorunun ümumi xalis mənfəəti 3,3 milyard larini (1 milyard 262 milyon dollar) ötüb.
Bu göstərici əvvəlki illə müqayisədə 7% çoxdur.
Ölkədə fəaliyyət göstərən 19 kommersiya bankından 15-i ili mənfəətlə, 4 bank isə zərərlə başa vurub. Mənfəət reytinqində “Bank of Georgia” liderliyini qoruyub. Bank 2025-ci ili 1,6 milyard lari (595 milyon dollar) xalis mənfəətlə tamamlayaraq ilk pillədə qərarlaşıb.
İkinci yerdə 1,3 milyard lari (483 milyon dollar) mənfəətlə “TBC Bank”, üçüncü yerdə isə 126 milyon lari (46,8 milyon dollar) xalis mənfəət əldə edən “Liberty Bank” yer alıb.
“HashBank”, “Paysera”, “VTB Bank” və “Silk Bank” 2025-ci ili zərərlə başa vuran banklar sırasında olub.
Qeyd edək ki, Azərbaycanın aparıcı banklarından olan “Paşa Bank” ASC-nin Gürcüstandakı törəmə bankı olan “Paşa Bank” ötən ili təxminən 930 min dollar xalis mənfəətlə başa vurub. “Paşa Bank Gürcüstan”ın mənfəəti 2024-cü illə müqayisədə 65,7% azalıb.
Cədvəldə Gürcüstanda fəaliyyət göstərən bankların 2025-ci ildəki xalis mənfəəti yer alıb:

Onu da qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 22 bankın 2025-ci il üzrə xalis mənfəəti 1 milyard 161,6 milyon manat (683,4 milyon dollar), Ermənistanda fəaliyyət göstərən 17 bankın 2025-ci il üzrə xalis mənfəəti isə 421 milyard dram (1 milyard 126,2 milyon dollar) olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz