
Ötən il Gürcüstanın xarici turistlərdən əldə etdiyi gəlir təxminən 4,7 milyard dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Bildirilib ki, bu göstərici 2024-cü illə müqayisədə 5,98% artıb.
Milli Bankın statistikasına əsasən, 2025-ci ildə Gürcüstanda ən çox vəsait xərcləyən turistlər Rusiyadan gələn qonaqlar olub. Onların xərcləri 697,3 milyon dollar təşkil edib. Rusiyadan Gürcüstana səfər edənlərin sayı isə 1 milyon 579 min nəfəri keçib.
Xərclərin həcminə görə növbəti yerlərdə Avropa İttifaqı ölkələri (660,5 milyon dollar), Türkiyə (605,9 milyon dollar) və İsrail (586,3 milyon dollar) qərarlaşıb. Azərbaycan vətəndaşları isə 2025-ci ildə Gürcüstanda 223,3 milyon dollar xərcləyiblər.
Məlumatlara görə, 2024-cü illə müqayisədə Azərbaycan vətəndaşı olan turistlərin Gürcüstandakı xərcləri 33,2% artıb.
Gürcüstanda adambaşına düşən turizm gəlirləri 2025-ci ildə 1270 dollar olub.
Müqayisə üçün bildirək ki, ötən ilin ilk 11 ayında Azərbaycana 1 milyon 666 min əcnəbi turist gəlib və onların 58 min 759 nəfəri Gürcüstan vətəndaşları olub. Əcnəbi turistlər ötən ilin ilk 11 ayında Azərbaycanda 1 milyard 773 milyon dollar (3 milyard manat) xərcləyiblər və bu məbləğin 45,7 milyon dolları (77,7 milyon manat) Gürcüstan vətəndaşlarının payına düşüb.
Azərbaycanda adambaşına düşən turizm gəlirləri 2025-ci ilin ilk 11 ayında 173 dollar olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz