
Fransa Prezidenti Emmanuel Makron hökumətindən 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qoyulacaq qadağanın sentyabr ayında – yeni tədris ili başlamazdan əvvəl qüvvəyə minməsi üçün hüquqi prosesin sürətləndirilməsini istəyib.
Yeniavaz.com “BFM TV”yə istinadən xəbər verir ki, Makron uşaqların və yeniyetmələrin psixoloji təhlükəsizliyinin dövlət üçün prioritet olduğunu bildirib.
“Uşaqlarımızın və yeniyetmələrimizin beyinləri satılmır. Onların emosiyaları satılmır və Amerika platformaları və ya Çin alqoritmləri tərəfindən manipulyasiya edilə bilməz. Biz 15 yaşdan kiçik uşaqlar üçün sosial medianı qadağan edirik və orta məktəblərdə mobil telefonları yasaqlayacağıq”, – deyə Fransa Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, bu addım yeniyetmələr, valideynlər və müəllimlər üçün aydın və başa düşülən bir qaydadır.
Son dövrlərdə Qərb ölkələrində sosial medianın uşaqlara və gənclərə mümkün mənfi təsirlərindən qorunmaq məqsədilə qanunvericilik təşəbbüsləri genişlənir. Xüsusilə dekabr ayında Avstraliyada 16 yaşdan kiçik şəxslərin “Instagram”, “TikTok”, “Facebook” və digər platformalarda hesab açmasını qadağan edən qanunun qəbul olunması bu istiqamətdə dönüş nöqtəsi hesab edilir.
Böyük Britaniya hökuməti də bir neçə gün əvvəl uşaqların internet təhlükəsizliyinin gücləndirilməsi üçün müxtəlif tədbirləri, o cümlədən 16 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsinin məhdudlaşdırılmasını nəzərdən keçirdiyini açıqlayıb.
Fransada planlaşdırılan qadağanın təşəbbüskarı Prezident Makronun Yenilənmə partiyasını təmsil edən deputat Laure Millerdir. O, Fransa parlamenti ilə əlaqəli televiziya kanalına verdiyi müsahibədə hazırda effektiv yaş yoxlama mexanizminin olmamasını əsas problem kimi göstərərək, hökumətin təcili addımlar atmalı olduğunu bildirib.
Avstraliya nümunəsi bu cür tədbirlərin təsirli ola biləcəyini göstərir. Baş nazir Entoni Albanesenin ötən ay verdiyi məlumata görə, qadağa tətbiq olunduqdan sonra 16 yaşdan kiçik şəxslərə məxsus olduğu ehtimal edilən 4,7 milyondan çox sosial media hesabı deaktiv edilib və ya silinib.
Tətbiqimizi yükləyə bilərsiniz