Soyuqdəymənin orqanizmlə “ilk döyüşünün” başladığı yer aşkarlandı


İnsanın tənəffüs orqanları orqanizmin soyuqdəyməyə səbəb olan viruslara qarşı mübarizə aparmasına kömək edən özünəməxsus müdafiə mexanizmlərinə malikdir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Cell Press Blue” jurnalında dərc olunan yeni tədqiqatda qeyd olunur.
Bildirilib ki, burun dəlikləri müdafiənin birinci xəttində əvvəl düşünüldüyündən qat-qat daha aktiv rol oynayır:
“Alimlər müəyyən ediblər ki, burun boşluğu təkcə hissəciklər və mikroblar üçün filtr rolunu oynamır, eyni zamanda immunitet müdafiəsnin başladığı bir məkandır və virusların tənəffüs yollarının dərin qatlarına daxil olmamışdan əvvəl qarşısını ala bilir”.
Qeyd olunub ki, tədqiqatda iştirak edən könüllülərin burun boşluğuna adi soyuqdəyməyə səbəb olan virusların analoqlarının kiçik dozaları yeridilib:
“Alimlər burun seliyində, epitel hüceyrələrində və burun boşluğunda mövcud olan immun sisteminə aid molekullarda baş verən dəyişiklikləri izləyiblər.
Məlum olub ki, infeksiyanın erkən mərhələlərində virusların səmərəli çoxalmasına və orqanizmin dərin qatlarına nüfuz etməsinə mane olan çoxsaylı qoruyucu molekullar və zülallar aktivləşir. Bunların sırasında hüceyrələr tərəfindən istehsal olunan və virusları basqılayan xüsusi zülallar — interferonlar, eləcə də immunitetin digər siqnal molekulları yer alır”.
Məlumata görə, əsas kəşflərdən biri ondan ibarətdir ki, burun dəliklərində formalaşan “immun cavab” müxtəlif viruslar üçün fərqli və özünəməxsus ola bilər:
“Bu o deməkdir ki, selikli qişanın hüceyrələri müəyyən patogenləri “tanıya” və onlara qarşı ən effektiv olan molekulları daha sürətlə işə sala bilər. Belə lokal cavab bir növ baryer rolunu oynayaraq infeksiyanın ağciyərlərə və tənəffüs sisteminin digər hissələrinə yayılmasının qarşısını alır”.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, bu, bəzi insanların soyuqdəyməni daha yüngül keçirməsinin və ya virusla təmasda olsalar belə heç bir əlamət yaşamamasının səbəblərindən biri ola bilər.
Qeyd olunub ki, burun boşluğunda güclü yerli immun cavab virusun erkən mərhələdə çoxalmasını məhdudlaşdıra və onun daha ağır infeksiyaya çevrilməsinə imkan verməyə bilər.

DİGƏR XƏBƏRLƏR

Top