
Orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması ilə bağlı Elm və Təhsil Nazirliyi artıq müəyyən işlər görür.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı bildirib.
Deputat çıxışında qeyd edib ki, dərsliklərin rəqəmsallaşdırılmasından sonra səhvlər olduğu halda düzəldilməsi asanlaşacaq.
Bəs dərsliklərin rəqəmsallaşdırılması təhsil prosesinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu dəyişiklik şagirdlər üçün ciddi problem yaratmır:
“Bu, əslində şagirdlər üçün heç bir problem yaratmır. Yetər ki, bu məsələ qanuniləşsin. Bildiyiniz kimi, artıq parlamentdə bu mövzu müzakirə edilir. Ümumiyyətlə, dərsliklərin elektron versiyaları Azərbaycan Respublikası Təhsil İnstitutunda demək olar ki, bütün fənlər üzrə artıq hazırdır. Sadəcə olaraq, bunun qanuniləşməsi kifayətdir”.

Məzahir Məmmədli
Ekspertin sözlərinə görə, əsas məsələlərdən biri məktəblərin internetlə təminatıdır. O qeyd edib ki, şəhər və rayon mərkəzlərində yerləşən məktəblərdə bu problem böyük ölçüdə həll olunub:
“Şəhər məktəbləri və şəhərdaxili məktəblər, eləcə də rayon mərkəzləri və rayonətrafı məktəblər sözsüz ki, internetlə təmin olunur. Ucqar kənd məktəbləri də internetlə təchiz edilərsə, burada əsas problem texniki məsələ olaraq qalır. Bu da planşetlərin və noutbukların təşkili məsələsidir”.
Məzahir Məmmədli onu da vurğulayıb ki, rəqəmsal dərsliklər şagirdlərin təhsil prosesini daha rahat və əlçatan edəcək:
“Əgər bu cihazlar hər bir şagird üçün əlçatan olarsa, elektron dərsliklərdən istifadənin həm qaydaları formalaşar, həm də bu, şagirdlərin çantalarının yüngülləşməsinə, onları kağız daşıyıcılarından asılılıqdan azad etməyə gətirib çıxarar. Nəticədə isə şagirdlər üçün hər yerdə öyrənmə imkanı təmin edilə bilər”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz