
Gürcüstanın Baş naziri İrakli Kobaxidze alternativ nəqliyyat dəhlizlərinin ölkənin tranzit roluna təhlükə yaratmadığını bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bunu “İmedi TV”yə müsahibəsində deyib.
Baş nazirin sözlərinə görə, alternativ dəhlizin risk yaratmadığını sübut edən əsas göstəricilərdən biri Orta Dəhliz üzrə yükdaşımaların son beş ildə 7 dəfə artmasıdır.
Kobaxidze vurğulayıb ki, bu dinamika Gürcüstanın tranzit potensialının gücləndiyini açıq şəkildə nümayiş etdirir.
Gürcüstan mətbuatı yazır ki, məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan dəhlizi ilə daşınan yüklərin gələcəkdə Ermənistan üzərindən keçə biləcəyi ilə bağlı açıqlamasından sonra gündəmə gəlib. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan yüklərin Azərbaycan ərazisindən Rusiyaya tranzitini tələb edib. Gürcüstan Quru Nəqliyyatı Assosiasiyası isə belə bir ssenarinin baş verəcəyi təqdirdə ölkənin qısa müddətdə ümumi yük dövriyyəsinin təxminən 20 faizini itirə biləcəyini iddia edib.
İrakli Kobaxidze bu cür fikirləri əsassız adlandırıb və bunun sadəcə fərziyyələrdən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, Gürcüstan qonşu ölkələr arasında münasibətlərin normallaşmasını və ticarət-iqtisadi əlaqələrin inkişafını alqışlayır.
Baş nazir qeyd edib ki, Gürcüstan tranzit funksiyasının inkişafı üçün yol infrastrukturu, limanlar, hava limanları və digər nəqliyyat obyektlərinə böyük həcmdə investisiyalar yatırır. Bu investisiyalar artan yük dövriyyəsi ilə bağlı müsbət gözləntilərə əsaslanır.
“Belə artım şəraitində alternativ dəhliz Gürcüstanın tranzit funksiyasını zəiflətməyəcək, əksinə, onu tamamlayacaq. Bizim əsas vəzifəmiz artan yük axınına uyğun olaraq infrastrukturumuzu maksimum dərəcədə genişləndirməkdir. Buna görə də səsləndirilən təhdidlər real deyil”, – deyə İrakli Kobaxidze vurğulayıb.
Baş nazir əlavə edib ki, Gürcüstan gələcəkdə də tranzit və bağlantı funksiyasının inkişafı üçün investisiya qoyuluşunu davam etdirəcək.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz