
Məlum olduğu kimi, 2021-ci ildə qəbul edilmiş “Media haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə əsasən, media subyekti digər media subyektinə məxsus informasiyadan və proqramlardan yalnız istinad etməklə, abunəlik və ya müvafiq müqavilə əsasında istifadə edə bilər.
Qanunun qüvvəyə minməsindən 4 il keçməsinə baxmayaraq, onlayn xəbər portalları arasında istinadla bağlı problemlər hələ də qalmaqdadır. Xüsusilə açıqlama, müsahibə və araşdırma xarakterli materiallar var ki, onların hazırlanması müəyyən vaxt, zəhmət və peşəkarlıq tələb edir. Belə materialların istinadsız paylaşılması isə təkcə qanun pozuntusu deyil, eyni zamanda əməyin mənimsənilməsi kimi də qiymətləndirilir.
Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Yeniavaz.com-a açıqlamasında bildirib ki, istinad mədəniyyətinin zəifləməsi peşəkar jurnalistikaya ciddi zərbə vurur:
“Bu gün bizim media mühitində, xüsusən saytlarda informasiyanın mənbəyini göstərmək məsələsi çox ciddi problemdir. Hansı saytdan götürülüb, hansı qəzetdən, jurnaldan götürülüb – bu mədəniyyət sarıdan bizim media çox axsayır. Yəni “kopipəst” (“copy past”) tüğyan edir. İnsanlar özlərinə artıq bir şey bilirlər ki, materialın haradan götürüldüyünə, yəni istinada əhəmiyyət verməsinlər. Belə olmamalıdır. Bu, media etikası baxımından yolverilməzdir. Bunun qarşısını necə almaq olar? Əlbəttə də xəbərdarlıq etmək, müəyyən ictimai qınaq formalarından istifadə etmək olar. Təəssüf ki, bir çox saytlar hadisənin əlaqəsi olub-olmadığı üçüncü, dördüncü mənbədən o materialları götürüb paylaşır. Əslində istinad verəndə orada böyük bir zərər çəkmir, sadəcə olaraq etik prinsipə əməl edir ki, informasiyanın mənbəyi göstərilməlidir. Buna sayt rəhbərləri diqqət etməlidirlər. Yəni adminlər materialı oxuyanda mənbə məsələsinə önəm verməlidirlər. Çünki bu, adi bir jurnalistikanın əlifbası ola biləcək məsələlərdən biridir. Çox arzulayardım ki, bizim xüsusən gənc həmkarlarımız bu məsələlərə diqqət yetirsinlər”.
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan media eksperti Zeynal Məmmədli isə bildirib ki, istinadsız xəbər paylaşımı açıq-aşkar etik və peşəkar pozuntudur:
“Hər bir media orqanının bütövlükdə peşəkar və etik tələblərlə uzlaşan öhdəlikləri olur. Pozuntuları həm özləri, həm də, Mətbuat Şurası qeydə almalıdır. Monitorinqlər aparılmalı və nəticələri açıqlanmalıdır. Media orqanının adı pozuntular siyahısında açıqlanırsa, ictimai tənbeh qüvvəyə minməli, oxucu auditoriyasının və reklamçıların diqqətinə çatdırılmalıdır. Bunlar sonuc vermirsə, məhkəməyə üz tutulur və uyğun cəzalar müəyyənləşdirilir. Pozuntuya yol verənləri, nəticə etibarilə, sərbəst bazar cəzalandırmalıdır. Belə hallara ölkəmizdə vaxtaşırı rast gəlinməsi, ilk növbədə, sərbəst bazarın gərəkli səviyyədə olmamasından qaynaqlanır. Redaksiya fəaliyyətlərində özünütənzimləmənin yarıtmazlığı da etik və peşəkar pozuntu sayını artırır və cəzasızlıq ortamı doğurur”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz