Ermənistan Rusiya maye qazını Azərbaycan vasitəsilə almağı nəzərdən keçirir


Ermənistan Rusiyadan aldığı maye qazı Azərbaycan ərazisi vasitəsilə nəql etməyi nəzərdən keçirir.
Yeniavaz.com
xəbər verir ki bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan Rusiyanın TASS xəbər agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan hazırda maye qazı əsasən Rusiya və İrandan idxal edir. Lakin son dövrlər bu istiqamətlər üzrə müəyyən problemlər yaranıb. Şaboyan qeyd edib ki, İranda mövcud vəziyyətlə bağlı çətinliklər müşahidə olunur, Rusiya istiqamətində isə tədarükün gecikməsi Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsinin fəaliyyəti ilə əlaqədardır.
Nazirlik rəsmisi bildirib ki, maye qazın dəmir yolu ilə idxalına başlanması mövcud problemin qısa müddətdə həllinə imkan verəcək.
“Rusiya maye qazı çox tezliklə Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılacaq”, – deyə o vurğulayıb. Bununla belə, dəqiq çatdırılma tarixləri açıqlanmayıb.
TASS xatırladır ki, daha əvvəl Ermənistanda maye qaz bazarında qıtlıq və qiymət artımı müşahidə olunub. Rəsmi mənbələrin məlumatına görə, bu vəziyyət Yuxarı Lars keçid məntəqəsinin işində yaranan problemlər səbəbindən Rusiyadan Ermənistana maye qaz tədarükünün gecikməsi ilə bağlı olub.
Məlumata görə, dəmir yolu tranzitinin bərpası Azərbaycanın Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarından sonra mümkün olub. Müvafiq razılaşmalar 2025-ci ilin oktyabrında Rusiya, Azərbaycan və Ermənistan hökumətlərinin iştirakı ilə əldə edilib. Bu razılaşma 1990-cı illərin əvvəllərindən bəri ilk dəfə olaraq Rusiyadan Ermənistana birbaşa dəmir yolu ilə yük daşımalarına şərait yaradıb.
Qeyd olunur ki, razılaşma çərçivəsində Rusiya kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın Ermənistana daşınmasına da başlanıb. Rusiya taxılının ilk partiyası 2025-ci ilin noyabrında Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top