
Norveç ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyəti həll etmək üçün təşəbbüs göstərdiyi Sülh Şurasında iştirak etməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Norveç Baş Nazir Ofisinin dövlət katibi Kristoffer Toner “Agence France-Presse” agentliyinə bildirib.
Onun sözlərinə görə, Norveç Sülh Şurasının yaradılması ilə bağlı təklif olunan tədbirlərə qoşulmayacaq və Davosda imzalanma mərasimində iştirak etməyəcək.
Rəsmi şəxsin sözlərinə görə, Norveç digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək, lakin hesab edir ki, nizamlama ilə təkliflər BMT kimi mövcud strukturlar çərçivəsində hazırlanmalıdır.
Eyni zamanda, Toner qeyd edib ki, Oslo Trampın Ukraynada, Qəzzada və digər böhran zonalarında davamlı sülhün bərqərar olması məqsədlərini bölüşür.
Qeyd edək ki, Oslo ilə Vaşinqton arasındakı münasibətlər Trampın Norveçin Baş naziri Yonas Qar Storeyə məktub göndərməsindən və Nobel Sülh Mükafatını almadığı üçün artıq sülh haqqında düşünməyə borclu olmadığını bildirməsindən sonra pisləşib. Tramp mükafatı ona verməkdən imtina etməkdə Oslonun günahkar olduğunu bildirib. Trampın məktubuna cavab olaraq Store Skandinaviya hökumətinin Nobel Komitəsinin qərarlarına təsiri olmadığına diqqət çəkib.
Tətbiqimizi yükləyə bilərsiniz