
Ötən il Azərbaycana 2 milyard 386,5 milyon dollar dəyərində 123 min 319 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com xəbər verir ki, idxal olunan avtomobillərin 15,3%-i və ya 18 min 915 ədədi dekabr ayında ölkəyə gətirilib.
Qeyd edək ki, 2024-cü illə müqayisədə ötən il avtomobil idxalı 34,3% və ya 31 min 481 ədəd artıb. 2024-cü ilin dekabr ayı ilə müqayisədə isə ötən ilin dekabr ayında avtomobil idxalı 2 dəfədən çox artıb. Belə ki, 2024-cü ilin dekabr ayında Azərbaycana xaricdən 8 min 912 ədəd avtomobil gətirilib.
Ötən il idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19 min 352 dollar, 2024-cü ildə isə 20 min 080 dollar təşkil edib.
Artım əsasən daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki olan hibrid avtomobillərin idxalında müşahidə olunub. Belə ki, ötən il ölkəyə 73 min 678 ədəd hibrid avtomobil gətirilib. 2024-cü ildə bu göstərici cəmi 26 min 630 ədəd olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, hibrid avtomobillərin idxalı 3 dəfə artıb.
Tam elektrikli avtomobillərin idxalında isə azalma müşahidə olunub. Belə ki, bu göstərici 3 min 27 ədəddən 2 min 28 ədədə düşüb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz