Rusiyanın Hindistana neft ixracı son illərin minimumuna enib


2025-ci ilin dekabr ayında Rusiyanın Hindistana neft ixracı 2022-ci ilin noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
Yeniavaz.com
“Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ay ərzində Hindistana cəmi 37 milyon barel, yəni gündə orta hesabla 1,2 milyon barel Rusiya nefti tədarük olunub.
Agentlik gəmi izləmə məlumatları və liman agentlərinin hesabatlarına istinadən bildirir ki, ümumilikdə dekabr ayında Rusiyanın qlobal neft tədarükü də 2024-cü ilin avqustundan bəri ən aşağı səviyyədə qeydə alınıb. Xaricə enerji ixracının azalması fonunda Rusiya karbohidrogenlərini daşıyan ən azı 11 tanker Omanla Sokotra adası arasında və ya Ərəbistan dənizində boş vəziyyətdə qalır. Bu göstərici bir həftə əvvəl 10 tanker olub.
Medianın məlumatına görə, 18 yanvar 2026-cı il tarixinə olan dörd həftə ərzində Rusiya gündə orta hesabla 3,16 milyon barel neft ixrac edib. Bu, 25 dekabr 2025-ci ilədək qeydə alınmış pik göstəricidən 700 min barel, 11 yanvardan əvvəlki analoji dövrlə müqayisədə isə 260 min barel azdır. Dekabr ayında Hindistana neft tədarükü noyabr ayı ilə müqayisədə gündə 580 min barel azalaraq 1,78 milyon barel təşkil edib.
“Bloomberg” qeyd edir ki, idxalçılar ABŞ-nin 2025-ci ilin oktyabrında “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar qüvvəyə minməzdən əvvəl daha çox Rusiya enerjisi almağa çalışıblar. Bununla belə, sanksiyalardan sonra logistika və ödəniş problemləri tədarük həcmlərinə mənfi təsir göstərib.
Eyni zamanda, ixrac həcmlərinin azalmasına baxmayaraq, artan qiymətlər Rusiyanın gəlirlərinin kəskin enməsinin qarşısını alıb. “Argus Media”nın məlumatına görə, Urals markalı neftin Baltik regionundan ixrac qiyməti bir barel üçün 37,50 dollara, Hindistana tədarük edilən neftin qiyməti isə 55,68 dollara yüksəlib. Nəticədə, 18 yanvarda bitən həftə ərzində Rusiyanın neft ixracından əldə etdiyi orta həftəlik gəlir təxminən 910 milyon dollar təşkil edib ki, bu da əvvəlki həftədən 40 milyon dollar çoxdur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top