
Suriya hökumət qüvvələri ilə Suriya Demokratik Qüvvələri (SDF) arasında bütün cəbhələr və təmas xətləri boyunca hərtərəfli və dərhal atəşkəs elan edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Razılaşmaya əsasən, SDF-yə məxsus bütün hərbi birləşmələr sonrakı yerdəyişmələrə hazırlıq mərhələsi çərçivəsində Fərat çayının şərq sahilinə çəkiləcək. Bununla yanaşı, Deyr əz-Zor və Rakka əyalətləri tam şəkildə Suriya hökumətinin inzibati və hərbi nəzarətinə keçir.
Məlumata görə, bu ərazilərdə yerləşən bütün mülki qurum və obyektlərin nəzarətə götürülməsi, həmçinin mövcud heyətin Suriya Ərəb Respublikasının müvafiq nazirliklərinə təyin olunması ilə bağlı təcili qərarlar qəbul ediləcək. Hökumət isə öz növbəsində SDF üzvlərinin, döyüşçülərin və yerli mülki administrasiya nümayəndələrinin təqib edilməyəcəyini bəyan edib.
Razılaşma çərçivəsində Həsəkə qubernatorluğundakı bütün mülki qurumlar dövlət strukturlarına inteqrasiya olunacaq. Eyni zamanda, Suriya hökuməti bütün sərhəd keçid məntəqələri, eləcə də bölgədəki neft və qaz yataqları üzərində tam nəzarəti öz üzərinə götürüb. Təbii sərvətlərin qorunması nizami silahlı qüvvələrə həvalə edilib.
SDF-yə məxsus hərbçilər və təhlükəsizlik işçiləri təhlükəsizlik yoxlamasından keçdikdən sonra Müdafiə və Daxili İşlər nazirliklərinə fərdi şəkildə inteqrasiya ediləcək, onlara müvafiq rütbələr və maddi-texniki təminat veriləcək. Razılaşmada kürd bölgələrinin mədəni və sosial kimliyinin qorunacağı da qeyd olunur.
Bundan əlavə, Ayn əl-Ərəb (Kobani) şəhəri ağır silahlardan azad ediləcək, yerli sakinlərdən ibarət daxili təhlükəsizlik qüvvələri formalaşdırılacaq. İŞİD üzvlərinin saxlanıldığı həbsxana və düşərgələrə nəzarət isə dövlət strukturlarına veriləcək.
Razılaşmada, SDF-nin PKK-ya bağlı qeyri-Suriya mənşəli üzvlərin ölkədən çıxarılmasına sadiq qalacağı da vurğulanır. Suriya dövləti isə ABŞ ilə əlaqələndirilmiş şəkildə beynəlxalq koalisiya çərçivəsində terrorizmə qarşı mübarizəni davam etdirəcəyini bəyan edib.
Suriya mediasının məlumatına görə, Afrin və Şeyx Məqsud rayonlarının sakinlərinin təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün də müvafiq razılaşmalar üzərində iş aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz