Suriya kürdləri ABŞ-dən daha qətiyyətli müdaxilə tələb edir


Suriyadakı əsas kürd qüvvələrinin lideri Sipən Hamo “Reuters” agentliyinə müsahibəsində bildirib ki, ABŞ Suriyanın şimal-şərqində kürd qüvvələrinin son günlər əsas əraziləri itirməsinə səbəb olan hücumları dayandırmaq üçün daha qətiyyətli şəkildə müdaxilə etməlidir.
Yeniavaz.com
xəbər verir ki, rəsmilər və təhlükəsizlik mənbələrinin məlumatına görə, hökumət qüvvələri şənbə günü Suriyanın şimal-şərqində son on ildə yarı-muxtar kürd hakimiyyətinin nəzarətində olan ərazilərə hücum edərək Fərat çayının hər iki tərəfində yerləşən şəhərləri, həmçinin ölkənin ən böyük neft və qaz yataqlarını ələ keçirib.
Xalq Müdafiə Bölmələrinin (YPG) komandiri Sipən Hamo bildirib ki, ABŞ səfiri Tom Barakla kürd rəsmiləri arasında şənbə günü keçirilən görüşdə atəşkəs üçün yol xəritəsi hazırlaya bilməyib.
Bununla yanaşı, Hamo suriyalı kürdlərin ayrılmaq və ya müstəqil dövlət yaratmaq niyyətində olduqları iddialarını təkzib edib. O vurğulayıb ki, kürdlərin gələcəyi Suriyanın tərkibindədir.
“Ən çox ümid etdiyimiz məqam, xüsusən də koalisiya və ABŞ tərəfindən konkret nəticənin ortaya çıxmasıdır. Bu isə mövcud problemlərə indiyədək olduğundan daha qətiyyətli müdaxilə deməkdir”, – deyə Hamo qeyd edib.
ABŞ Mərkəzi Komandanlığının irəliləyişlərin dayandırılması ilə bağlı çağırışlarına baxmayaraq, Suriya qüvvələri hücumlarını davam etdirir. Hamo bildirib ki, kürd hakimiyyəti Vaşinqtonun Suriyada İŞİD-ə qarşı mübarizədə kürd qüvvələri ilə qurduğu uzunmüddətli müttəfiqliyi, prezident Əhməd əl-Şaraa rəhbərliyindəki Suriya hökumətinə yeni dəstəyi ilə balanslaşdırmalı olduğunu anlayır. Lakin mövcud dəyişikliklər fonunda ABŞ kürdlərə təhlükəsizlik zəmanəti verməlidir.

DİGƏR XƏBƏRLƏR

Top