
Gürcüstan hökuməti Orta Dəhliz layihəsi çərçivəsində Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən avtomobil yollarının tikintisini 2026-cı ilə qədər tam başa çatdırmağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.
Məlumata görə, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropa ölkələrinə uzanan strateji nəqliyyat marşrutudur.
Gürcüstan hökumətinin 2026-cı il büdcəsində əks olunan planlara əsasən Ermənistan və Azərbaycan sərhədlərinə aparan Rustavi–Qırmızı Körpü və Algeti–Sadaxlo yol hissələrinin tikintisi tam yekunlaşdırılacaq. Eyni zamnada Türkiyə sərhədinə çıxışı təmin edən Batumi–Sarpi yolunun inşası həyata keçiriləcək.
Rəsmi sənəddə bildirilir ki, bu layihələrin icrası nəticəsində Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəni birləşdirən Orta Dəhlizin müvafiq hissələrinin tikintisi tamamlanacaq.
Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəniz və dəmir yolu daşımaları sahəsində aparıcı şirkətlərinin iştirakı ilə yaradılıb. Dəhlizin marşrutu hazırda Çin–Qazaxıstan sərhədindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Avropaya qədər uzanır.
Gürcüstan Orta Dəhlizə 2022-ci ildə qoşulub. Türkiyənin isə Gürcüstanın tranzit marşrutunun bir hissəsi kimi dəhlizə daxil edilməsi təşəbbüsü ilə çıxış etdiyi bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz