Bu pəhriz epileptik tutmalardan qoruya bilər – Yeni araşdırma


Amerikalı alimlərin yeni araşdırması ketogenik pəhrizin epileptik tutmalardan necə qoruya biləcəyini və bu təsirin əsasında hansı mexanizmlərin dayandığını gün üzərinə çıxarıb.
Yeniavaz.com
xəbər verir ki, tədqiqatın nəticələri “Annals of Neurology” jurnalında dərc olunub.
Bildirilir ki, karbohidratların çox aşağı, yağların isə yüksək miqdarda olduğu qidalanma rejimi (ketogenik pəhriz) dərmanlar kömək etmədikdə epilepsiyadan əziyyət çəkən insanlarda tutmaların tezliyini azaltmaq üçün tətbiq olunur:
“Lakin alimlər üçün uzun müddət onun konkret olaraq niyə təsirli olduğu aydın olmayıb.
İndi isə Virciniya Universitetinin Tibb Məktəbinin tədqiqatçılar qrupu bu təsiri izah edə biləcək əsas biokimyəvi yolu aşkar edib və yeni müalicə üsullarının inkişafı üçün cığır açıb.
Orqanizm ketoz vəziyyətinə keçdikdə — yəni karbohidratlar əvəzinə yağ yandırmağa başladıqda — qanda “keton cisimləri” adlanan maddələrin səviyyəsi yüksəlir. Onlardan biri olan β-hidroksibutirat beynin müəyyən reseptoru (HCAR2) ilə aktiv şəkildə qarşılıqlı təsirə girir. Alimlər müəyyən ediblər ki, bu qarşılıqlı təsir həddindən artıq həyəcanlanmış sinir hüceyrələrini sakitləşdirir və qıcolma aktivliyinin yaranma ehtimalını azaldır.
Məhz həddindən artıq həyəcanlanmış neyronlar çox vaxt epileptik tutmaların səbəbi olur və bu mexanizm ketogenik pəhrizin dərmanların gücsüz qaldığı hallarda niyə təsirli olduğunu izah etməyə kömək edir”.
Tədqiqatçılar həmçinin aşkar ediblər ki, bu reseptor hipokampda — qıcolmaların tez-tez başladığı beyin hissəsində — eləcə də beynin immun müdafiəsində iştirak edən mikroqlial hüceyrələrin üzərində yerləşir.
“Buna görə də keton cisimləri təkcə neyronların həyəcanlanmasını azaltmaqla kifayətlənmir, eyni zamanda beynin immun mühitinə də təsir göstərə bilir”, - məqalədə deyilir.
Bu mexanizmin anlaşılması təkcə epilepsiya üçün deyil, həm də daha geniş əhəmiyyət daşıyır. Müəlliflərin fikrincə, bu, xəstələrə ketogenik pəhrizin üstünlüklərini verən, lakin yağlarla zəngin və karbohidratlarla kasad olan ağır qidalanma rejiminə ciddi riayət etməyi tələb etməyən dərmanların yaradılmasına kömək edə bilər.
Qeyd olunur ki, belə pəhrizə əməl etmək bir çoxları üçün yan təsirlər və saxlanma çətinlikləri səbəbindən olduqca çətindir:
“Artıq müşahidə olunub ki, bəzi təsdiqlənmiş dərmanlar, o cümlədən niasin (B3 vitamini), keton cisimləri ilə eyni reseptora təsir göstərir, hərçənd bunun insanlarda nə dərəcədə effektiv olduğu hələlik məlum deyil.
Alimlər gələcəkdə bu reseptorun beynin immun hüceyrələrinə necə təsir etdiyini və əldə olunan biliklərin təkcə epilepsiyanın deyil, həm də Alzheimer xəstəliyi və ya dağınıq skleroz kimi digər nevroloji xəstəliklərin müalicəsində necə istifadə oluna biləcəyini araşdırmağı planlaşdırırlar”.

DİGƏR XƏBƏRLƏR

Top