
Yüksək vəzifəli amerikalı rəsmilər Qəzza zolağı üçün yaradılan “Sülh Şurası”nın mandatının əhatə dairəsini Ukrayna və Venesuelaya da genişləndirmək ideyasını dilə gətiriblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası “Sülh Şurasını” BMT-nin potensial əvəzedicisi – Qəzza zolağı xaricindəki digər münaqişələri həll etmək üçün bir növ paralel, qeyri-rəsmi qurum kimi görür.
“Region bu ideyaya ehtiyatla yanaşır, çünki bu, normal prosedur deyil”, - adı açıqlanmayan ərəb diplomatı FT-yə bildirib.
ABŞ ilə danışıqlarda iştirak edən yüksək vəzifəli Ukrayna rəsmisi bildirib ki, münaqişənin həlli ilə bağlı təkliflərə Trampın rəhbərliyi altında ayrıca “Sülh Şurası”nın yaradılması da daxildir. Qəzetin mənbəsinin sözlərinə görə, bu quruma 20 maddəlik sülh sazişinin icrasını izləyəcək Ukrayna, Avropa, NATO və Rusiyanın nümayəndələri daxil ola bilər.
Xatırladaq ki, Ağ Ev daha əvvəl Qəzza zolağı üçün “Sülh Şurası”nın tərkibini açıqlayıb. Şuraya ABŞ dövlət katibi Marko Rubio, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bler, amerikalı iş adamı Mark Rouen, Dünya Bankının prezidenti Ajay Banqa və ABŞ milli təhlükəsizlik müşavirinin müavini Robert Qabriel daxildir.
Məlumatlara görə, şuranın hər bir üzvü Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi üçün son dərəcə vacib olan müəyyən vəzifələrə rəhbərlik edəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz