Gürcüstan Azərbaycan qazını Rusiya qazı ilə əvəz edir


Gürcüstanın qaz istehlakının təxminən dörddə biri Rusiya mənşəli olacaq.
Yeniavaz.com
xəbər verir ki, bunu Gürcüstan Milli Bankının keçmiş prezidenti Roman Qotsiridze bildirib.
Onun sözlərinə görə, bu tendensiya son illərdə Rusiyadan qaz idxalının artması, Azərbaycandan isə azalması ilə özünü açıq şəkildə göstərir və bu proses hakim “Gürcü Arzusu”nun xarici siyasəti ilə bağlıdır.
Qotsiridze qeyd edib ki, iki il əvvəl Gürcüstanın Azərbaycandan aldığı qazın həcmi 1,4 milyard kubmetr idi. Lakin bu göstərici 2024-cü ildə təxminən 700 milyon kubmetrə enib. Onun sözlərinə görə, 2025-ci il üçün açıqlanacaq qaz balansında da oxşar mənzərə müşahidə olunacaq.
Eks-prezident vurğulayıb ki, Azərbaycandan qaz idxalı azalarkən, Rusiya qazının həcmi paralel şəkildə artıb və 2024-cü ildə 800 milyon kubmetrə çatıb.
“Əslində, artıq 2025-ci ildə istehlak etdiyimiz qazın dörddə biri Rusiya qazıdır”, – deyə Qotsiridze bildirib. O, Rusiyanın qazı müxtəlif ölkələrə qarşı siyasi və iqtisadi təzyiq aləti kimi istifadə etdiyini xatırladıb.
Qotsiridzenin sözlərinə görə, Avropa ölkələri Rusiya qazından demək olar ki, tamamilə imtina edib. O, Macarıstan və Slovakiyanın da gələn ildən Rusiya qazından kəsiləcəyini, ABŞ Prezidenti Donald Trump dövründə müəyyən güzəşt müddətinin tətbiq olunduğunu xatırladıb. Nəticədə Rusiya təxminən 60 milyard dollarlıq bazarı itirib. Bu şəraitdə regionda Rusiya qazını qəbul edən ölkələr sırasında Ermənistan, Gürcüstan, Azərbaycan və Türkiyə qalır.
Ekspertin diqqət çəkdiyi digər məqam isə tarif siyasətidir. O bildirir ki, Rusiya bazar itkilərinə baxmayaraq, Gürcüstan üçün qaz qiymətlərini azaltmayıb, əksinə, 2025 və 2026-cı illər üçün tariflər 2024-cü illə müqayisədə artıb. Qotsiridzenin fikrincə, bu da Gürcüstanın enerji təhlükəsizliyi baxımından ciddi risklər yaradır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top