
Son illər onlayn alış-veriş platformalarına maraq əhəmiyyətli dərəcədə artıb.
Yeniavaz.com xəbər verir ki, xüsusilə “Temu” və “Shein” kimi platformalarda geyimlərin münasib qiymətə təklif olunması alıcılar üçün cəlbedici görünür.
Lakin bu ucuzluq geyimlərin keyfiyyəti və insan sağlamlığına mümkün təsirləri ilə bağlı ciddi suallar doğurur.
Mövzu ilə bağlı açıqlama verən dermatoloq Tünzalə Əzizli ucuz və keyfiyyətsiz geyimlərin sağlamlığa təsirindən danışaraq qeyd edib ki, belə materiallardan hazırlanan geyimlər dəri problemlərinə yol aça bilər:
“Keyfiyyətsiz materiallardan hazırlanan geyimlər dəridə qaşınma, ekzema, atopik dermatit kimi xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Eyni zamanda, müxtəlif mənşəli göbələk xəstəliklərinin yaranma riski də artır. Bu problemlər əsasən qaşınma, səpkilər, qızartı, yanma və göynəmə hissi ilə müşahidə olunur”.
Dermatoloq vurğulayıb ki, bu cür risklərin qarşısını almaq üçün pambıq və digər təbii materiallardan hazırlanan geyimlərə üstünlük verilməlidir:
“Geyimlərin tərkibində polyester və digər sintetik materialların az olması vacibdir. Həmçinin, çox qalın geyimlərdən istifadə tövsiyə olunmur. Çünki dəri tərlədikdə keyfiyyətsiz materiallarla təmas qıcıqlanma hallarına səbəb ola bilər”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, quruma həm ucuz, həm də bahalı geyimlərlə bağlı şikayətlər daxil olur:
“Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin sayı həm ucuz, həm də bahalı geyimlər üzrə təxminən eynidir. Bahalı geyimlərlə bağlı şikayətlərin əksəriyyəti geyimlərin rəng verməsi, yəni digər paltarlara boya buraxması ilə əlaqədardır. Ucuz geyimlərdə isə əsas narazılıqlar parçanın tez sıradan çıxması, düymələrin keyfiyyətsiz olması və pis tikilməsi ilə bağlıdır. Bu cür hallar mövcuddur, lakin hər iki kateqoriyada bu səbəblərlə bağlı şikayətlərin sayı nisbətən azdır”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz