
Böyük Britaniya hakimiyyəti istifadəçilərin “Grok” çatbotunda yaratdığı şəkillərlə bağlı qalmaqaldan sonra “X” sosial şəbəkəsini qadağan edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti Baş nazir Kir Starmerin ofisindəki mənbələrə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, Starmer daha əvvəl “Ofcom” media tənzimləyicisindən İlon Maska məxsus sosial şəbəkə ilə bağlı bütün variantları nəzərdən keçirməyi tələb edib.
“X“ bu vəziyyəti nəzarətə götürməlidir və “Ofcom” buna qarşı tədbir görməkdə tam dəstəyimizə malikdir”, - Starmer bildirib.
Xəbərdarlığa səbəb “X” istifadəçilərinin “Grok” süni intellektindən istifadə edərək, qadın və uşaqların açıq-saçıq şəkillərini yaratması olub.
Nəşr yazır ki, dipfeyklər artıq Britaniya taxtının varisi, Uels şahzadəsi Ketrin Middltonun həyat yoldaşına, Britaniya məşhurlarına, kabinet nazirlərinə və millət vəkillərinə təsir göstərib.
Nəşrin məlumatına görə, Baş nazirin ofisi bu görüntülərlə bağlı birbaşa “X”lə əlaqə saxlayıb. Ancaq onların cavab alıb-almadığı məlum deyil.
Hökumət mənbələri “The Daily Telegraph”a bildiriblər ki, İnternet Təhlükəsizliyi Qanununa əsasən məhdudiyyətlər mövcuddur. Buraya milyardlarla funt sterlinq cərimələr və ya ölkə daxilində sosial şəbəkəyə girişin bloklanması daxildir.
Digər tərəfdən, 8 yanvar tarixində Avropa Komissiyası (AK) da “X”i oxşar məzmunları yaratmaq üçün “Grok”dan istifadə etməkdə günahlandırıb və platformaya neyron şəbəkəsi ilə bağlı bütün sənədləri 2026-cı ilin sonuna qədər saxlamağı əmr edib. Bu əmr faktiki olaraq AK-nın “X”ə qarşı yeni hüquqi ittihamlar hazırlaması deməkdir.
Qeyd edək ki, bundan əvvəl Mask “Grok”dan qanunsuz məzmun yaratmaq üçün istifadə edən hər kəsin qanunsuz məzmun yükləməklə eyni nəticələrlə üzləşəcəyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz