Tələbələr üçün hansı daha faydalıdır: Test, yazılı, yoxsa şifahi imtahan?


Məlum olduğu kimi, hazırda ölkənin ali təhsil müəssisələrində payız semestri üzrə imtahan sessiyası davam edir.
Yeniavaz.com
xəbər verir ki, universitetlərdə fənlərdən asılı olaraq imtahanlar yazılı, şifahi və ya variantlı (test) formada keçirilir.
Qeyd edək ki, tətbiq olunan qiymətləndirmə formaları bəzi hallarda tələbələr tərəfindən birmənalı qarşılanmır.
Bu qiymətləndirmə üsullarından hansının tələbələr üçün daha faydalı və effektiv olması müzakirə olunur.
Bəs hansı imtahan forması tələbələr üçün daha məqsədəuyğundur?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev bildirib ki, qiymətləndirmə formalarının hər birinin özünəməxsus üstün və zəif tərəfləri mövcuddur:
“Təhsil müəssisələrinin bir çoxunda imtahanlar test üsulu ilə tətbiq olunur, bəzilərində isə qarışıq üsullardan istifadə edilir – həm yazılı, həm də şifahi. Təbii ki, yazılı və şifahi imtahanların müsbət tərəfləri daha çoxdur. O baxımdan ki, təhsil alanların, yəni tələbələrin öyrəndikləri mövzunu hansı səviyyədə mənimsədikləri, mövzu ətrafında fikirləri imtahanda daha dəqiq şəkildə görünür. Sadəcə burada əsas problem obyektiv qiymətləndirmə məsələsidir. Bunun üçün müəllim-professor heyəti tərəfindən daha dəqiq və qərəzsiz qiymətləndirmənin həyata keçirilməsi vacibdir. Şifahi imtahan zamanı isə daha çox tələbənin nitqi, eyni zamanda onun mövzu ətrafında fikirləri, yanaşması və s. yoxlanılır”.

Elçin Əfəndiyev

Ekspertin sözlərinə görə, test üsulunun əsas üstünlüyü obyektivlik olsa da, müəyyən çatışmazlıqlar da mövcuddur:
“Bildiyiniz kimi, test imtahanı yekunlaşan kimi nəticələr tələbələrə avtomatik olaraq bəlli olur və burada onların mövzuları hansı dərəcədə mənimsədikləri birbaşa özlərinə məlum olur. Bu, dünya təcrübəsində daha geniş şəkildə istifadə olunan bir prosesdir. Amma test üsulunun mənfi tərəfi ondan ibarətdir ki, tələbələr əzbərçiliyə daha çox meyil edirlər. Müəyyən mövzunu əzbərləməklə birbaşa cavabı tapmağa üstünlük verirlər və bu da onların nitqinin inkişafına, o cümlədən yazı bacarıqlarının inkişafına mənfi təsir göstərir, şifahi nitqdə problemlər yaradır. Yəni test üsulunda bu problem mövcuddur”.
Elçin Əfəndiyev qeyd edib ki, obyektiv qiymətləndirmə təmin olunduğu halda imtahanın hansı formada keçirilməsinin ciddi əhəmiyyəti qalmır:
“Gələcəkdə biz bir çox hallarda kompüter əsaslı imtahanlara keçəcəyik. Əgər kompüter əsaslı yazılı imtahan tətbiq edə bilsək, tələbələr müvafiq monitor üzərində sualların cavablarını yazılı formada yaza bilərlər. Düşünürəm ki, qiymətləndirmə baxımından test üsulu tələbələrin xeyrinədir, çünki tələbələr daha çox test üsulunu sevirlər və bu baxımdan test üsulunun üzərində dayanmaq olar. Amma hazırkı vəziyyətdə mən daha çox yazılı imtahanın tərəfdarıyam. Bu isə yalnız obyektiv qiymətləndirmə həyata keçirilərsə, mümkün olar”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top