
Ötən ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana xaricdən 901 min 702 ədəd tibbi maska gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tibbi maskaların 901 min 200 ədədi Çindən, 480 ədədi Türkiyədən, 22 ədədi isə Almaniyadan idxal edilib.
Çindən idxal edilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 1,9 qəpik, Türkiyədən idxal edilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 67 qəpik, Almaniyadan idxal edilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri isə 221 manat olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə Çindən idxal olunan maskaların gömrük dəyəri 47% aşağı düşüb. Belə ki, 2023-cü ildə Çindən idxal edilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 3,6 qəpik olub.
Qeyd edək ki, idxal olunan tibbi maskalar arasında cərrahiyyə əməliyyatı və ya prosedur üçün istifadə edilən maskalar da yer alıb.
Onu da bildirək ki, Almaniyadan gətirilən bir ədədinin orta gömrük dəyəri 221 manat olan tibbi maskanın hansı materialdan hazırlandığı və hansı məqsədlər üçün istifadə olunduğu barədə məlumat mövcud deyil.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda pərakəndə satışda (apteklərdə) ən ucuz tibbi maskanın qiyməti 15 qəpik təşkil edir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz