
Şimali Atlantikada ələ keçirilən “Bella 1” (“Mariner”) tankerinin ekipajı cinayət təqibinə məruz qalır və lazım gələrsə, mühakimə oluna bilər.
Yeniavaz.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
“Ekipajın da daxil olduğu gəmi üçün məhkəmə həbs qərarı verib. Bu o deməkdir ki, ekipaj üzvləri indi federal qanunların müvafiq pozuntularına görə təqibə məruz qalırlar və lazım gələrsə, belə təqib üçün ABŞ-yə gətiriləcəklər”, - Levitt bildirib.
Ağ Evin mətbuat katibinin sözlərinə görə, “Bella 1” tankeri Venesuelanın “kölgə donanması”na aid olub və monitorinq müddətindən sonra ABŞ federal məhkəməsinin verdiyi order əsasında həbs edilib. Lavitt əlavə edib ki, gəmi sanksiya olunmuş neft daşıyırdı.
ABŞ ordusu dekabrın sonlarında “Bella 1” tankerini geri ələ keçirməyə cəhd etdi, lakin ekipaj Sahil Mühafizəsinin əmrlərini yerinə yetirməkdən imtina etdi, kursu dəyişdi və sonra göyərtədə Rusiya bayrağı çəkdi. Bir neçə gün sonra gəmi “Mariner” adlandırıldı və Rusiyanın Dəniz Gəmiçiliyi Reyestrinə daxil edildi. Yanvarın 7-də tanker Şimali Atlantik okeanında saxlanılıb.
Tankerin ələ keçirilməsindən sonra Rusiya Nəqliyyat Nazirliyi heç bir dövlətin digər dövlətlərin yurisdiksiyalarında müvafiq qaydada qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququna malik olmadığını bəyan edib, Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-dən gəmidəki ruslarla insani və ləyaqətli rəftarın təmin edilməsini və onların vətənlərinə tezliklə qayıtmasına mane olmamasını tələb edib.
Tətbiqimizi yükləyə bilərsiniz