
Danimarkanın Baş naziri Mette Frederiksen ABŞ hökumətinin Qrenlandiyanın ilhaq edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Yeniavaz.com “Politico”ya istinadən xəbər verir ki, Baş nazir Danimarka Krallığının tərkibində olan adanın hərbi yolla ələ keçirilməsinin NATO-nun müdafiə ittifaqı kimi dağılmasına gətirib çıxara biləcəyini qeyd edib.
Baş nazirin sözlərinə görə, həm Danimarka, həm də ABŞ alyansın üzvü olduqları üçün belə bir ssenari təşkilatın əsas prinsiplərinə ziddir.
Mette Frederiksen vurğulayıb ki, ABŞ Prezidenti Donald Trumpın Qrenlandiyanın ABŞ-yə qoşulması ilə bağlı açıqlamaları ciddi qəbul edilməlidir.
Onun fikrincə, bu cür bəyanatlar bir NATO üzvünün digərinə məxsus ərazini zorla ilhaq etməsi riskini yaradır: “Belə bir hal baş verərsə, bu, alyansın əməliyyat birliyini və üzərində qurulduğu təhlükəsizlik arxitekturasını sarsıdar”.
Xatırladaq ki, Donald Tramp Qrenlandiyanın güc yolu ilə ilhaqını istisna etmədiyini və zərurət yaranarsa, bunu Danimarka ilə razılaşma olmadan həyata keçirə biləcəyini bildirib. ABŞ lideri bu mövqeyini Vaşinqtonun üzləşdiyi strateji təhdidlər və Arktika bölgəsinə beynəlxalq marağın artması ilə əsaslandırıb.
Qeyd edək ki, Danimarka Baş naziri artıq Böyük Britaniya və Şimali Avropa ölkələri tərəfindən dəstəklənib. Onların qiymətləndirməsinə görə, Danimarka və onun muxtar vahidi olan Qrenlandiyan öz gələcəyini, o cümlədən ayrılma məsələsini müstəqil şəkildə müəyyən etmək hüququna malikdir. Lakin bu proses üçüncü ölkələrin siyasi və ya hərbi təzyiqi altında baş verməməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz