
Tramp administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodrigesə qarşı dörd tələb irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Rodrigesdən narkotik qaçaqmalçılığının qarşısını almaq, İran və Kubadan olanlar da daxil olmaqla, Vaşinqtona düşmən ölkələrin agentlərini Venesueladan çıxarmaq gözlənilir.
Vaşinqton həmçinin Rodrigesdən ABŞ-nin düşmənlərinə neft tədarükünü dayandırmasını və Venesuelada azad seçkilərin keçirilməsini tələb edir.
“Politico”nun məlumatına görə, Tramp administrasiyası nəticə etibarilə Venesuelanın müvəqqəti liderindən azad seçkiləri təmin edərək istefa verməsini gözləyir.
Nəşr qeyd edib ki, Rodrigesin bu tələbləri yerinə yetirməsi üçün konkret bir müddət verilməyib. Lakin Tramp Venesuelada nizam-intizam bərpa olunana qədər prezident seçkilərinin keçirilməsinin mümkün olmayacağını bildirib.
Qəzet qeyd edib ki, Delsi Rodriges Nikolas Maduronun uzun müddətdir tərəfdarıdır və sosialist baxışlara malikdir. Buna baxmayaraq, qəzetin mənbələrinə görə, Vaşinqton onun ABŞ-nin tələblərini yerinə yetirəcəyinə əmindir.
Qeyd edək ki, bir gün əvvəl, yanvarın 5-də Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti kimi and içib.
Tətbiqimizi yükləyə bilərsiniz