İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər – Abbas Əraqçi


İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkənin silahlı qüvvələri tam hazırlıq vəziyyətindədir və İranın suverenliyinin hər hansı şəkildə pozulacağı təqdirdə hara zərbə endirəcəklərini dəqiq bilirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, bu açıqlama ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına cavab olaraq səsləndirilib.
Abbas Əraqçi qeyd edib ki, İranda müvəqqəti valyuta məzənnəsinin dəyişkənliyindən təsirlənən vətəndaşlar yaxın günlərdə dinc şəkildə etiraz ediblər və bu, onların qanuni hüququdur. Bununla yanaşı, o, polis bölmələrinə hücumlar, hüquq-mühafizə orqanlarının əməkdaşlarına Molotov kokteyli atılması kimi zorakı iğtişaşların da ayrı-ayrı hallarda müşahidə edildiyini bildirib.
Nazir vurğulayıb ki, Prezident Trampın ABŞ ərazisində Milli Qvardiyanın yerləşdirilməsi ilə bağlı qərarını nəzərə alsaq, dövlət əmlakına qarşı cinayət xarakterli hücumların yolverilməz olduğunu ən yaxşı onun bilməli olduğunu qeyd edib.
Əraqçinin sözlərinə görə, Trampın son mesajı diplomatiyadan çəkinən və ya onu lazımsız hesab edən qüvvələrin təsiri altında verilmiş ehtiyatsız və təhlükəli bəyanatdır. O əlavə edib ki, İran xalqı keçmişdə olduğu kimi, bundan sonra da ölkənin daxili işlərinə istənilən xarici müdaxiləni qətiyyətlə rədd edəcək.
Xarici işlər naziri bir daha vurğulayıb ki, İranın güclü silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və ölkənin suverenliyinə hər hansı təhdid halında dərhal cavab verməyə qadirdir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl sosial şəbəkə hesabında paylaşım edərək, “əgər İran dinc etirazçıları gülləbaran edib və vəhşicəsinə öldürərsə, Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək” ifadəsini işlədib.

DİGƏR XƏBƏRLƏR

Top