97 mindən çox rusiyalı xaricdə vətəndaşlıq alıb


Ötən ilin ilk 11 ayı ərzində 97 mindən çox Rusiya vətəndaşı xarici ölkələrdə vətəndaşlıq və ya yaşayış icazəsi əldə edib.
Yeniavaz.com
xəbər verir ki, məlumatı TASS Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən yayıb.
Bildirilir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 min nəfər azdır. Nazirliyin açıqlamasında bildirilib ki, 2025-ci ilin yanvar–noyabr ayları ərzində Rusiya vətəndaşları xarici dövlətlərin vətəndaşlığını almaları, yaşayış icazəsi əldə etmələri və ya daimi yaşamaq hüququnu təsdiq edən digər sənədlərlə bağlı 97 mindən çox bildiriş təqdim ediblər. Müqayisə üçün, 2024-cü ilin ilk 11 ayında bu cür bildirişlərin sayı 109 min təşkil edib.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hesabat dövründə Rusiya vətəndaşları əsasən Almaniya, İsrail, İspaniya, Ermənistan və ABŞ-də vətəndaşlıq və ya yaşayış icazəsi aldıqlarını bildiriblər.
Qeyd olunur ki, xarici ölkədə pasport və ya yaşayış icazəsi alan Rusiya vətəndaşı bu barədə mütləq şəkildə Rusiya Daxili İşlər Nazirliyinə məlumat verməlidir. Bu tələbin yerinə yetirilməməsi inzibati və ya cinayət məsuliyyəti yaradır. Belə hallarda 500–1000 rubl məbləğində cərimə tətbiq oluna bilər. Daha ağır pozuntu hallarında isə Rusiya Cinayət Məcəlləsinin 330.2-ci maddəsinə əsasən 200 min rubla qədər cərimə və ya 400 saata qədər ictimai iş cəzası nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top