Dünya tarixində ən yüksək səs hansıdır? – Alimlər açıqladı


Dünya tarixində ən güclü səs hansıdır?
Yeniavaz.com
“Live Science” portalına istinadla xəbər verir ki, cavab o qədər sadə olmasa da, alimlər bu məsələdə müəyyən bir nəticə əldə ediblər.
Portalın yazdığına görə, 1883-cü ildə İndoneziyada Krakatau vulkanının püskürməsi uzun müddət ən yüksək səs rekordunu qoruyub saxlayıb.
Bu dəhşətli partlayış 3000 kilometr məsafədən eşidilib və onun şok dalğası Yer kürəsini yeddi dəfə dövrə vurub.
Bu səs dalğası 160 kilometr məsafədə təxminən 170 desibelə çatıb ki, bu da ani eşitmə itkisinə səbəb olmaq üçün kifayətdir.
Episentrdən 64 kilometr məsafədə yerləşən dənizçilər səsin qulaq pərdələrini partladacaq qədər yüksək olduğunu bildiriblər.
Müqayisə üçün deyək ki, tozsoran 75 desibel, avtomat mişar 110 desibel, reaktiv mühərrik isə 140 desibel səs-küy istehsal edir.
Alimlər hesab edirlər ki, Krakatau vulkanının episentrində təzyiq 310 desibelə çatıb. Bu səviyyədə səs dalğası artıq səs olmaqdan çıxır və dağıdıcı şok dalğasına çevrilir.
Ancaq Amerika Akustik Cəmiyyətinin prezidenti, professor Mixael Forlender bildirib ki, püskürmənin pik həddə nə qədər səs-küy yaratdığı məlum deyil. Çünki heç kim onu ölçmək üçün kifayət qədər yaxınlıqda olmayıb. Bütün hesablamalar məlum faktlara və ehtimallara əsaslanıb.
Krakataunun rəqibi 1908-ci ildə Sibir üzərində partlayan Tunqus meteoritidir. Onun səs gücü də 300-315 desibel olaraq qiymətləndirilir. Partlayış minlərlə kvadrat kilometr ərazidə ağacların aşmasına səbəb olub. Üstəlik, partlayışın şok dalğası bütün dünyada qeydə alınıb. Lakin Krakatau vulkanında olduğu kimi, burada da dəqiq ölçmələr aparmaq mümkün olmayıb.
“Live Science” portalı yazır ki, müasir dövrdə elm adamlarının qlobal ultra həssas sensorlar şəbəkəsinə sahib olduğu bir vaxtda qeydə alınan ən güclü səs səviyyəsinin tarixi o qədər də uzaq deyil.
“İndiyə qədər qeydə alınan ən yüksək səs 2022-ci ilin yanvar ayında Sakit Okeanda Hunqa Tonqa vulkanının püskürməsi olub”, - deyə portal Alyaska Universitetinin (ABŞ) Geofizika İnstitutunun professoru Devid Fidən sitat gətirib.
Onun sözlərinə görə, bu sualtı püskürmə planetin ətrafında bir neçə dəfə dövrə vuran səs dalğasına səbəb olub. Bu səs dalğası minlərlə kilometr məsafədəki insanlar tərəfindən, hətta Alyaskada və Mərkəzi Avropada belə eşidilib.
Episentrə ən yaxın olan elmi stansiya 68 kilometr məsafədə böyük təzyiq sıçrayışı qeydə alıb. Əgər bu məlumatları mənbədən bir metr məsafədə adi desibellərə çevirməyə çalışsaq, bu, təxminən 256 desibel olar.
Lakin Havay Universitetinin İnfrasəs Laboratoriyasının direktoru Milton Qarses bildirb ki, dalğa qeyri-adi olduğu üçün mövcud rəqəm üzərində dayanmaq qeyri-elmi olar. Çünki vulkanın yaxınlığında hava və su kütlələrini itələyən dəhşətli bir partlayış baş verib. Məntiqi olaraq, müasir tarixin ən güclü şok dalğası insan qulağı tərəfindən demək olar ki, eşidilməyib və onun əsas enerjisi infrasəs diapazonda olub.
Beləliklə, alimlərin bildirdiyinə görə, hazırda Yer kürəsində sənədləşdirilmiş ən yüksək səs rekordu Hunqa Tonqa püskürməsinə aiddir.

DİGƏR XƏBƏRLƏR

Top