
Almaniya son aylarda artan kiberhücumlar, təxribatlar və dezinformasiya kampaniyalarının mümkün yeni müharibənin başlanğıc siqnalları ola biləcəyini hesab edir.
Yeniavaz.com “Politico”ya istinadən xəbər verir ki, bu səbəbdən ölkə NATO daxilində münaqişə baş verəcəyi təqdirdə müdafiə ssenarisini əhatə edən gizli plan hazırlayıb.
Nəşr bildirir ki, 24 səhifəlik sənəd Berlinin hibrid təhdidlər fonunda öz müdafiəsini və müttəfiqlərin koordinasiyasını necə təşkil edəcəyini müəyyən edir. Plan kiber əməliyyatları və təsir kampaniyalarını yalnız arxa plan təzyiqi kimi deyil, birbaşa hərbi eskalasiya elementləri kimi nəzərdə tutur.
Sənəddə qeyd olunur ki, potensial münaqişə zamanı Almaniya NATO qoşunları üçün əməliyyat bazası və tranzit dəhlizi rolunu üzərinə götürəcək. Ölkənin alyans qüvvələrinin hərəkəti və təchizatı üçün əsas mərkəzə çevriləcəyi vurğulanır.
Həmçinin bildirilib ki, mümkün müharibə zamanı Almaniya “uzaq mənzilli silah sistemləri ilə həyata keçirilə biləcək hücumlar üçün prioritet hədəfə” çevriləcək. Həm hərbi, həm də mülki infrastrukturun zərbə altında qalacağı istisna edilmir.
“Politico” qeyd edir ki, son aylarda Almaniya və onun müttəfiqlərinə qarşı artan kiberhücumlar, casusluq fəaliyyəti və ictimai rəyə təsir cəhdləri sənəddə təsvir olunan ssenariləri faktiki olaraq əks etdirir. Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ölkəni “hibrid müharibənin gündəlik hədəfi” adlandırıb.
Tətbiqimizi yükləyə bilərsiniz