“Ya Zelenski, ya da Putin yalan danışır, Trampı da aldatmağa çalışırlar”


“Ukrayna müharibəsində ən qanlı, ən təhlükəli məqam yaranıb və bundan sonra müharibədən çıxmaq üçün ya Zelenski, ya da Putin hakimiyyətdən getməlidir”.
Yeniavaz.com
xəbər verir ki, bunu REAL Partiyasının sədri Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, Rusiya iddia edir ki, Putinin iqamətgahına, onu aradan götürmək üçün, Ukrayna dron hücumu təşkil edib – özü də, bu hücum, danışıqların ən intensiv dövrünə təsadüf edib:
“Zelenski isə deyir ki, Rusiya yalan danışır, belə bir hücum olmayıb, bu Rusiyanın danışıqları pozmaq cəhdidir.
Bu situasiyada ya Putin, ya da Zelenski yalan danışır – bunu anlamaq üçün emosional yanaşmanı kənara qoymaq, soyuq başla düşünmək lazımdır. Emosional yanaşma budur ki, işğalçı Rusiya, diktator Putin həmişə yalan danışır.
Amma, bu məsələdə bir ciddi məqam var – hər iki tərəf bu iddiaları ABŞ-yə, Trampa deyirlər, yəni, ya Zelenski, ya da Putin yalan danışmaqla yanaşı, Trampı da aldatmağa çalışırlar. Adi məntiqi ardıcıllıq bunu deməyə əsas yaradır, elə deyilmi?!”
N. Cəfərli əlavə  edib ki, deməli, məhz ABŞ çıxıb deməlidir ki, yalançı kimdir, çünki, indiki dünyada, məhz ABŞ-nin ən çox peyki orbitdədir, “Starlink” və “Starshield” hərbi-nəzarət peykləri ilə bir yerdə ABŞ-nin indi orbitdə 5000 peyki var:
“Bu kosmik peyk “ordusu” dünyanın hər nöqtəsinə baxır, Ukrayna müharibəsinə, Rusiyanın aqressiyasına görə peyk “ordusunun” 60%-dən çoxu məhz münaqişə bölgəsini izləyir. Həmin peyklər nəinki göydə uçan cismləri, hətta yerdə gedən avtomobilin nömrəsini belə görə bilir.
İndi, sizcə, ABŞ-nin 5000 peyki, 18 xüsusi xidmət orqanı kimin yalan danışdığını bilir, ya bilmir?! Məncə, bilirlər və bunu yaxın zamanda görəcəyik. Amma, müharibənin bitməsi üçün kim yalan danışıbsa, onun getməsi (heç olmasa vəzifədən) lazım olacaq.
Nə olur-olsun, bircə dünyanı faciəyə sürükləyən hadisələr, nüvə münaqişəsi olmasın, işğalçı cəzasını alsın, Ukrayna xalqı isə haqq etdiyi sülhə nail olsun. Amin!”

DİGƏR XƏBƏRLƏR

Top