
Dünya qiymətli metallar bazarında son günlər ciddi dalğalanmalar müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, gümüşün qiyməti tarixdə ilk dəfə unsiyası 84 dollara yaxınlaşdıqdan sonra kəskin enişə keçib.
28 dekabrda spot bazarda 83,987 dollara yüksələn gümüş daha sonra 9,2% dəyər itirərək 29 dekabrda 71,877 dollara qədər geriləyib.
Hazırda Çikaqo Ticarət Birjasında mart fyuçersləri 72,345 dollardan ticarət edilir.
Bazarda təkcə gümüş deyil, qızıl da ucuzlaşma ilə yadda qalıb. 28 dekabrda unsiyası üçün 4546,46 dollarlıq tarixi maksimuma yaxınlaşan qızıl daha sonra 3,5% dəyər itirərək 4374 dollara geriləyib.
“Bloomberg” yazır ki, qiymət artımının əsas səbəbkarlarının biri məhz Çin investorlarıdır. Şanxayda gümüşün qiyməti London göstəricilərini 8 dollar üstələyərək rekord səviyyəyə çatıb. Tələbin partlayıcı şəkildə artması səbəbilə Çində yalnız gümüş yatırımlarına fokuslanan yeganə fond yeni müştəri qəbulunu müvəqqəti dayandırıb.
Çin hökuməti də tələbi cilovlamaq üçün bir sıra addımlar atıb: ticarət qaydalarının sərtləşdirilməsi və qiymət artımının davamlı olmaya biləcəyi ilə bağlı xəbərdarlıqlar edilsə də, bu tədbirlər tələbi azaltmağa kifayət etməyib.
Bundan əlavə, Çin oktyabr ayında gümüş və bəzi digər metalların ixracına məhdudiyyətlər tətbiq edib.
CNBC bildirir ki, gümüş ehtiyatları tarixi minimumlara yaxınlaşır və bu, xüsusilə günəş panelləri istehsalçıları, süni intellekt mərkəzləri və elektrikli nəqliyyat vasitələri üçün təhdid yarada bilər. Gümüş texnoloji və enerji sektorunda geniş istifadə olunan əsas xammaldır.
Tətbiqimizi yükləyə bilərsiniz