“Uşaqlarım xəstədir, 180 manatla dolana bilmirəm” – Tərtər sakininin şikayətinə baxılmır


"Uşaqlarım xəstədir, 180 manatla dolana bilmirəm”

Bu sözləri Yeniavaz.com-a müraciət edən Tərtər rayonu, Düyərli kənd sakini Yaşar Quliyev deyib.
Yaşar Quliyev bildirir ki, ailəsinin sosial vəziyyəti olduqca ağırdır və dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problem həllini tapmayıb:
“6 nəfərlik ailəyik. Cəmi 180 manat yardım alıram. Başqa heç bir gəlirim yoxdur. Haraya üz tuturuqsa, bizi geri qaytarırlar. Dolanışığımız yoxdur, aclıq içində yaşayırıq”.
Yaşar Quliyevin sözlərinə görə, oğlu Quluzadə Vüqar Yaşar oğlu hərbi xidmətə yararsız hesab edilib və ona “ağ bilet” verilib:
“İstəyirdim ki, oğlum əsgərliyə getsin, xidmət etsin, işləyib ailəsini dolandırsın. Amma onu yararsız deyib geri qaytardılar. Pensiya da vermirlər”.
Şikayətçi qeyd edir ki, övladlarının hər ikisi xəstədir və bunu təsdiqləyən rəsmi tibbi sənədlər mövcuddur.
Onun bildirdiyinə görə, 05.02.2025-ci il tarixində Mingəçevir Psixo-Nevroloji Dispanserinin Həkim-Psixiatriya Komissiyasının tibbi rəyinə əsasən, 2004-cü il təvəllüdlü qızı Quluzadə Səbinə Yaşar qızına “əqli geriləmə” diaqnozu qoyulub və stasionar müayinəyə ehtiyac olduğu qeyd edilib.
Həmin tarixdə 2002-ci il təvəllüdlü oğlu Quluzadə Vüqar Yaşar oğluna isə “yüngül əqli gerilik və davranış pozuntusu” diaqnozu qoyulub və onun Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) göndərilməsi tövsiyə olunub.
Yaşar Quliyev bildirir ki, oğlu ilkin hərbi qeydiyyata alınarkən – 17.07.2018-ci il tarixində tibbi komissiyadan keçib və müayinəyə ehtiyaclı hesab edilib. Daha sonra isə 29.01.2021-ci ildə Kəlbəcər rayonu Hərbi Həkim Komissiyası tərəfindən xəstəliklər cədvəlinin müvafiq maddəsinə əsasən “yararsız və ya məhdud yararlı” kimi qiymətləndirilib.
Yaşar Quliyev aidiyyəti qurumlardan ailəsinin sosial vəziyyətinin araşdırılmasını, xəstə övladlarına görə müvafiq sosial müavinət və ya pensiyanın təyin olunmasını xahiş edir.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxlamağa çalışdıq. Agentliyin əməkdaşı Sərvər Abdullayev məsələni araşdırıb məlumat verəcəklərini bildirsə də, bununla bağlı heç bir cavab ala bilmədik.




Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top