
Avropada alınan xəsarətlər və zorakılıq nəticəsində baş verən hər üç ölüm hadisəsindən biri alkoqolla əlaqəlidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə ÜST Avropa Regionunun yeni – “ÜST Avropa Regionunda alkoqolla bağlı xəsarətlər: əsas nəticələrin ümumiləşdirilməsi, 2019-cu il məlumatları əsasında” adlı məlumat bülletenində qeyd olunub.
Heç bir digər psixoaktiv maddə bu qədər həm qəsdən, həm də təbii yolla baş verən xəsarət yetirmə hallarına səbəb olmur – yol-nəqliyyat hadisələrindən tutmuş özünəqəsd xarakterli davranışlara qədər.
“ÜST-nin son mövcud məlumatlarına görə, 2019-cu ildə regionda zədələrdən ölüm hallarının təxminən 145 minə yaxını alkoqolla bağlı olub. Özünə zərərvermə, yol-nəqliyyat hadisələrindən alınan xəsarətlər və yıxılmalar bu ölümlərin ən böyük hissəsini təşkil edib.
Alkoqol zəhərli maddədir və yalnız yeddi növ xərçəng və digər qeyri-yoluxucu xəstəliklərə səbəb olmaqla qalmır, həmçinin mühakiməni və özünə nəzarəti zəiflədir, reaksiyaları ləngidir, koordinasiyanı azaldır və riskli davranışı stimullaşdırır,” – deyə ÜST-nin region üzrə alkoqol, qeyri-qanuni narkotik vasitələr və həbsxana sağlamlığı üzrə regional məsləhətçisi Karina Ferreyra-Borjes qeyd edib.
“Alkoqol dünyada travmatik ölüm hallarının qarşısı alına bilən əsas səbəblərindən biridir və Avropa regionunda ümumi ölüm səviyyəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Bu regionda alkoqol istehlakı dünyada ən yüksək olaraq qalır. Alkoqol hər il təxminən 800 min insanın ölümünə səbəb olur ki, bu da regionda hər 11 ölümdən birinə bərabərdir.
Alkoqol zorakılıq və aqressiya ilə sıx bağlıdır. 2019-cu ildə təxminən 26 min 500 ölümün səbəbi şəxslərarası zorakılıq olub, onların 40 faizdən çoxu alkoqollu olub. Alkoqol həmçinin özünəqəsd nəticəsində baş verən bütün ölüm hallarının üçdə birindən çoxuna təsir edib”, - bülletendə qeyd olunub.
Tətbiqimizi yükləyə bilərsiniz