
Sağlamlıq problemi yaşayan insanlar həkimlərə üz tutduqda bəzən müxtəlif cavablarla qarşılaşırlar.
Yeniavaz.com xəbər verir ki, eyni şikayətlərlə həkimə gedən şəxslərə fərqli diaqnozların qoyulması narazılığa və suallara səbəb olur.
Belə vəziyyətlərdə xəstə də çaşqınlıq yaşayır, nə edəcəyini və kimə inanacağını bilmir.
Bəs nə üçün eyni şikayətlərə müxtəlif diaqnozlar qoyulur?
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan həkim-radioloq Aydın Əliyev bildirib ki, diaqnozun yalnız ilkin müşahidə və təxminlə qoyulması səhvlərə yol açır: “Çox vaxt belə olur: pasiyent şikayətini deyir, həkim isə heç bir dəqiq müayinə aparmadan, təxmin əsasında “səndə yəqin ki, filan xəstəlik var” deyir. Başqa bir həkim həmin şikayətləri dinləyib fərqli diaqnoz deyə bilər. Yəni yalnız şikayət əsasında və ya sadəcə auskultasiya, palpasiya, perkussiya kimi ilkin fiziki müayinələrə əsaslanaraq deyilən diaqnoz dəqiq hesab edilə bilməz. Diaqnozun fərqli olması məhz bunun nəticəsində yaranır”.
Aydın Əliyev hesab edir ki, pasiyentlər müayinə zamanı həkimdən diaqnozu sübut edən nəticələri tələb etməlidirlər: “Mən çox istərdim ki, bizim pasiyentlər həkimdən tələb etsinlər ki, əgər həkim “sizdə filan xəstəlik var” deyirsə, bunu sübut edən məlumat və nəticələri pasiyentə təqdim etsin. Bu fikri müsbət mənada qeyd edirəm – yəni pasiyent soruşa bilsin: “Doktor, mənə bu diaqnozu hansı əsasla qoyursunuz?” və həkim də bunu analizlər, müayinələr və digər sübutlarla göstərsin. Çünki dəqiq təsbit olunmuş diaqnoz üçün laborator və instrumental müayinələr əsasdır. Məsələn: kompüter tomoqrafiyası, MRT, qan analizləri, sidik və nəcis analizləri, yaxma və əkilmə nəticələri və s. Əgər bu vasitələrlə diaqnoz təsdiqlənibsə – o artıq başqa məsələdir və onun müalicəsi beynəlxalq protokollara uyğun şəkildə aparılmalıdır”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz