
Xəbər verdiyimiz kimi, qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası (31 qram) üçün 4 550 dolları keçib.
Yeniavaz.com xəbər verir ki, il ərzində qızıl sürətlə bahalaşaraq rekord səviyyələrə yüksəlib.
Son günlərdə isə qiymətlərdə artım daha da nəzərə çarpır və bazarda kəskin dəyişkənlik müşahidə olunur.
Bəs gələn il üçün proqnozlar necədir? Qiymətlər artmağa davam edəcək, yoxsa azalma gözlənilir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, qızılın bahalaşmasının əsas səbəbi dollar siyasəti və qlobal qeyri-müəyyənlikdir:
“Tramp administrasiyasının dolların dəyərinin ucuzlaşdırılması ilə bağlı apardığı siyasət ABŞ sahibkarlarını beynəlxalq bazarlarda daha güclü mövqeyə çıxarırdı. Dolların ucuzlaşması isə qızıla tələbi artırıb. Digər tərəfdən, dünyada baş verən münaqişələr və qeyri-müəyyənliklər tarixən investorları ən etibarlı alət hesab olunan qızıla yönəldir. 2025-ci ildə də bu tendensiya təkrarlanır”.
Eldəniz Əmirov hesab edir ki, növbəti illərdə də bahalaşma dalğası davam edə bilər:
“2028-ci ilə qədər qızıl "təhlükəsiz liman" statusunu qoruyacaq. Trampın prezidentliyinin son illərinə qədər artım dinamikasının davam etməsi, daha sonra isə müəyyən stabilləşmə və qismən geriləmə mümkündür”.
İqtisadçı Elçin Rəşidov isə qızılın bazar qiymətinə dair dəqiq proqnoz verməyin mümkün olmadığını vurğulayır:
“Maliyyədə "səmərəli bazar nəzəriyyəsi" deyilən anlayış var. Bu nəzəriyyəyə görə, bazardakı bütün məlumatlar artıq qiymətlərə daxil olunub. Yəni qızılın bu günkü dəyəri, gələcək artım ehtimalını müəyyən qədər özündə əks etdirir. Əgər çox adam əvvəlcədən qızılın bahalaşacağını bilsəydi, hamı onu indidən alardı və nəticədə qiymət indi artar, gələcəkdə bahalaşma dayanardı”.
Elçin Rəşidov qeyd edir ki, qızılın qiymətinə təsir edən müəyyən prediktorlar da var:
“Məsələn, geosiyasi məsələlər. Dünyada gərginlik artdıqca, ölkələrdə risklər yüksəldikcə və qeyri-müəyyənlik çoxaldıqca investorlar daha çox qızıla yönəlirlər, tələbat artır, nəticədə qızılın qiyməti qalxır. Eyni zamanda dollar faktorunu da nəzərdən keçirmək lazımdır. Dolların dəyəri artanda dollara investisiya artır, dəyəri düşəndə isə azalır. Mərkəzi Bankların davranışı da mühüm faktordur. Əgər mərkəzi banklar böyük həcmdə qızıl ehtiyatı toplamağa başlayırsa, bazardakı tələbat artır və qiymət yüksəlir”.
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz