
Suriya daxili təhlükəsizlik qüvvələri paytaxt Dəməşq şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının liderini ələ keçirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin idarə rəisi general Əhməd əl-Dallati ”X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
“Xüsusi təyinatlı qüvvələrimiz hərbi kəşfiyyat və beynəlxalq koalisiya qüvvələri ilə əməkdaşlıq çərçivəsində paytaxtın ətrafındakı Muadamiyyə ərazisində əməliyyat keçiriblər. Nəticədə, Dəməşqdəki terrorçu dəstəsinin lideri Taha əl-Zuabi və onun bir neçə silahdaşı ələ keçirilib. Onlardan partlayıcı kəmərlər və silahlar müsadirə edilib”, - idarə rəisi bildirib.
Əl-Dallatinin yaydığı məlumata görə, əməliyyat yerli sakinlər təhlükəsizlik qüvvələrini terrorçu dəstəsinin mövcudluğu barədə xəbərdar etdikdən sonra həyata keçirilib.
General həmçinin qeyd edib ki, bu, İŞİD təşkilatına ciddi zərbədir və təhlükəsizlik qüvvələrinin Dəməşq və onun ətrafındakı sabitliyə qarşı hər hansı bir təhdidə qarşı çıxmağa hazır olduğunu nümayiş etdirir.
Tətbiqimizi yükləyə bilərsiniz