Liviyanın Baş Qərargah rəisi Ankarada təyyarə qəzasında öldü – Təfərrüatlar


Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial mediada məlumat verib.
Onun sözlərinə görə, Ankara Hava Limanından qalxdıqdan sonra əlaqəni itirən “Falcon 50” təyyarəsi qəzaya uğrayıb.
“Bu axşam yerli vaxtla saat 20:10-da (Bakl vaxtı ilə saat 21:10) 9H-DFJ nömrəli “Falcon 50” təyyarəsi Ankaradakı Esenboğa hava limanından Tripoliyə yola düşüb. Təyyarədə Liviya Ordusunun Baş Qərargah rəisi Məhəmməd əl-Həddad da daxil olmaqla beş nəfər olub”, - nazir yazıb.
Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qribel, general-mayor Mahmud Kativi, baş qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alıb.
Uçuş heyətinin tərkibində 2 pilot və 1 bort bələdçisi olub.
Yerlikaya əlavə edib ki, təyyarənin heyəti Haymana yaxınlığında təcili eniş barədə məlumat verib. O, təyyarə ilə əlaqənin sonradan kəsildiyini bildirib.
NTV telekanalının məlumatına görə, qəzaya ilkin olaraq texniki nasazlıq səbəb olub.
Telekanal həmçinin Ankara yaxınlığında qəzaya uğrayan təyyarənin qalıqlarının aşkar edildiyini bildirib. Telekanalın məlumatına görə, təyyarənin qalıqları Esenboğa Beynəlxalq Hava Limanı yaxınlığındakı Haymana rayonunda geniş bir əraziyə səpələnib.
Təyyarənin qəzaya uğradığı ərazi mühasirəyə alınıb. Türkiyə ordusu, polisi və Türkiyə Fəlakətlərin İdarə Edilməsi İdarəsinin (AFAD) bölmələri axtarış-xilasetmə əməliyyatlarına başlayıb.
Digər tərəfdən, Liviya Milli Birlik Hökuməti Liviya Ordusunun Baş Qərargah rəisinin də həlak olduğu təyyarə qəzasından sonra üçgünlük matəm elan edib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top