Qrip zamanı “sistem köçürmək” doğrudurmu? – Terapevtdən açıqlama


Məlum olduğu kimi, soyuq qış aylarında qripə yoluxma halları artmaqdadır.
Yeniavaz.com
xəbər verir ki, qripə yoluxan bəzi insanlar tez sağalmaq məqsədilə ev şəraitində serumdan (“sistem köçürmək”) istifadə edirlər.
Bir çox hallarda isə bu şəxslər həkim məsləhəti olmadan ev şəraitində serum köçürərək xəstəliyin daha tez keçəcəyini düşünürlər.
Bəs bu yanaşma tibbi baxımdan nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Yeniavaz.com-a açıqlama verən terapevt Sübhan Hacıyev bildirib ki, qrip zamanı ev şəraitində serum köçürülməsi yalnız müəyyən hallarda və mütləq həkim nəzarəti altında mümkün ola bilər: “Əgər xəstəlik ağır simptomatika ilə müşahidə olunursa ­- bədən hərarəti 39,5°C-dən yuxarı qalxırsa, güclü tərləmə, susuzlaşma, elektrolit balansının pozulması, qusma və ya ishal varsa, bu zaman damardaxili mayelərin (serumların) verilməsi yalnız həkim tövsiyəsi və nəzarəti ilə məqsədəuyğundur. Lakin adi zökəm və ya yüngül soyuqdəymə zamanı, yəni hərarət yüksək olmadıqda, xəstə ağızdan maye qəbul edə və qidalana bildikdə, serum köçürülməsi, xüsusilə ev şəraitində, qətiyyən arzuolunan deyil və hətta ciddi şəkildə qadağandır”.
Terapevt bu cür halların təhlükəli olmasının səbəblərini də izah edib: “Ev şəraitində istifadə olunan sistemlərin tərkibi çox vaxt dəqiq bilinmir. Bəzən serumların tərkibinə antibiotiklər, hormonal preparatlar, prednizolon, deksametazon, eləcə də yüksək dozada vitaminlər əlavə edilir. Bu isə immun sisteminin basqılanmasına, ağır allergik reaksiyalara, hətta anafilaktik şoka səbəb ola bilər. Belə hallar dəqiqələr ərzində həyati təhlükə yaradaraq ölümlə nəticələnə bilər”.
Sübhan Hacıyev vətəndaşlara xəstəlik zamanı özbaşına müalicədən çəkinməyi tövsiyə edib: “Xəstələnən zaman mütləq şəkildə həkimə müraciət edilməlidir. Diferensial diaqnostika aparılmalı, müalicə yalnız həkim nəzarəti və resept əsasında başlanmalıdır. Özbaşına müalicə böyük səhlənkarlıqdır və nəticə etibarilə ya xəstəliyi ağırlaşdırır, ya da çox ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər”.

Fəridə Əsədzadə

DİGƏR XƏBƏRLƏR

Top