
Belçikanın Genappe kommunasında yerləşən muzeydən Fransa imperatoru Napoleon Bonaparta məxsus üzük və digər tarixi zinət əşyaları oğurlanıb.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Napoleonun Vaterlo döyüşü ərəfəsində qərargah kimi istifadə etdiyi ferma evində baş verib.
Muzeyin rəsmi açıqlamasına görə, oğurlanan ən dəyərli eksponat Napoleonun beş brilyantla bəzədilmiş, 18 karatlıq qızıl üzüyüdür. Bildirilir ki, imperator üzüyü 1815-ci ildə Vaterloo döyüşü zamanı itirib, daha sonra isə döyüş meydanında tapılıb və muzey kolleksiyasına daxil edilib.
Oğurluq zamanı həmçinin Napoleon dövrünə aid möhür, eləcə də qızıl və gümüş sikkələr də yoxa çıxıb. Muzey rəhbərliyi vurğulayıb ki, bu əşyaların tarixi dəyəri onların bazar qiyməti ilə müqayisə edilə bilməz.
Muzey nümayəndəsi bildirib: “Biz bir hekayə danışırıq. Həmin hekayənin bir hissəsi olan əşyalar ziyarətçilərə 1815-ci ilin hadisələrini təsəvvür etməyə imkan verir. Bu əşyalar yoxa çıxanda bu, həmişə kədərli olur”.
Regionda mədəni məsələlərdən məsul əyalət şurasının rəhbəri Tangi Stukens isə qeyd edib ki, vaxt amili səbəbindən oğruların cinayət başında tutulması nadir hallarda mümkün olur: “Bu mərhələdə cavab protokoluna əməl olunub. Keçmiş Napoleon qərargahında kifayət qədər güclü təhlükəsizlik sistemi var. Baş verənləri araşdıracaq və nəyin dəyişdirilməli olduğunu qiymətləndirəcəyik. Təəssüf ki, peşəkarlarla işləyərkən onları dayandırmaq çətindir”.
Hazırda muzey adi qaydada fəaliyyətini davam etdirir. Oğurlanan əşyaların dəqiq bazar dəyəri açıqlanmayıb, faktla bağlı Belçika hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz