
Beynəlxalq əmtəə birjalarında qəhvənin qiymətində kəskin ucuzlaşma müşahidə olunur.
Yeniavaz.com xəbər verir ki, son bir həftə ərzində qiymətlər 5,5%, son bir ay ərzində isə 16% aşağı düşüb.
Noyabr ayında qeydə alınan pik göstəricilərlə müqayisədə qəhvə orta hesabla 20% ucuzlaşıb.
Mütəxəssislərin fikrincə, qiymətlərin azalması qəhvə istehsal edən ölkələrdə məhsuldarlığın artması və iri korporativ istehlakçıların panik alış-verişinin sona çatması ilə bağlıdır. Bu amillər bazarda tələb-təklif balansının tədricən bərpa olunmasına şərait yaradıb.
Analitiklər hesab edirlər ki, yaxın aylarda bazardakı kəsir mərhələli şəkildə aradan qalxacaq. Bu prosesin nəticəsində qəhvənin qiymətinin 2024–2025-ci illər üçün formalaşmış normal səviyyələrə qayıtması gözlənilir.
Qeyd edək ki, bu il qəhvə qiymətlərinin rekord həddə yüksəlməsi əsasən Cənubi Amerika və Afrikada müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar olub. Həmin bölgələrdə iqlim problemləri qlobal qıtlığa səbəb olub və nəticədə qəhvənin qiyməti təxminən 120% artıb. Hazırkı eniş isə bazarın bu şokdan sonra tarazlaşma mərhələsinə daxil olduğunu göstərir.
Onu da bildirək ki, hazırda Nyu-Yorkda ICE birjasında Arabica qəhvəsinin qiyməti 1 funt (0,454 kq) üçün 3,3–3,5 dollar təşkil edir. Londonda isə Robusta qəhvəsinin 1 tonunun qiyməti 3 500 dollardan yuxarıdır.
Tətbiqimizi yükləyə bilərsiniz