Danimarkada 400 illik poçt ənənəsi başa çatır – Son məktubu 30 dekabrda çatdıracaq


Danimarkada məktub çatdırılması ilə bağlı 400 ildən artıq davam edən ənənə başa çatacaq.
Yeniavaz.com
“The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu ilin əvvəlində məktub çatdırılmasını dayandırmaq qərarını açıqlayan “PostNord” Danimarka cəmiyyətində sürətlə artan rəqəmsallaşmanı əsas səbəb kimi göstərib.
Şirkət bu qərar çərçivəsində ölkə üzrə 1500 iş yerinin ixtisar ediləcəyini və 1500 qırmızı poçt qutusunun ləğv olunacağını bildirib.
Danimarkanı “dünyanın ən rəqəmsal inteqrasiya olunmuş ölkələrindən biri” adlandıran “PostNord” onlayn alış-verişin artdığı bir dövrdə məktublara tələbatın kəskin şəkildə azaldığını vurğulayıb. Şirkətin məlumatına görə, bu səbəbdən fəaliyyətin əsas istiqaməti bağlamaların çatdırılmasına yönəldiləcək.
Artıq sökülmüş 1000 ədəd markalı poçt qutusunun bu ayın əvvəlində satışa çıxarılması böyük marağa səbəb olub. Poçt qutuları cəmi üç saat ərzində satılıb. Yaxşı vəziyyətdə olan qutular 2000 Danimarka kronu, daha yaxşı vəziyyətdə olanlar isə 1500 Danimarka kronuna təklif edilib. Daha 200 poçt qutusunun isə yanvar ayında hərraca çıxarılması planlaşdırılır.
Bununla belə, danimarkalılar məktub göndərmək üçün alternativ olaraq “Dao” çatdırılma xidmətindən istifadə edə biləcəklər.
Qeyd edək ki, Danimarka poçt xidməti 1624-cü ildən etibarən ölkədə məktubların çatdırılmasına cavabdeh olub. Son 25 ildə ölkə üzrə göndərilən məktubların sayı 90 faizdən çox azalıb. Maraqlıdır ki, mövcud məlumatlar gənclər arasında məktub yazmağa marağın yenidən artmağa başladığını göstərir.

DİGƏR XƏBƏRLƏR

Top