
Salam vermək qarşı tərəfə xeyir-dua etməkdir, ona rəğbətini ifadə etməkdir, ona sevgisini bildirməkdir.
Salam - Allahın adıdır. Həm də o qədər dərin, o qədər geniş mənaları var ki, bir yazıda saymaqla bitməz.
“Salam”, “İslam”, “təslim”, “müslim” kim sözlər bir kökdən gəlirlər. Yəni, şəkilcə oxşar olduqları kimi, mənaca da oxşardırlar.
Yəni, Salam olan Allaha təslim olan şəxs müslim olur və müslim olmaqla da salamata qovuşur.
Salamda dəvət var. “Salamün Əleyküm” demək “Allaha təslim olaq, Allahın ipinə sarılaq, Allahın rənginə boyanaq, doğma olaq, qardaş olaq, bir-birimizə kömək olaq, bir-birimizi sevək” deməkdir.
Rəsulullah (s.ə.s.) bir gün səhabələrinə belə buyurur:
“Siz həqəqi mömin olmadıqca Cənnətə girə bilməzsiniz, bir-birinizi sevmədikcə həqiqi mömin ola bilməzsiniz. Sizə sizi bir-birinizə sevdirəcək bir şey öyrədimmi?”
Səhabələr bir ağızdan: “Öyrət, ya Rəsulullah!” - deyirlər. Və Rəsulullah (s.ə.s.) belə buyurur: “Aranızda salamı yayın!”
Odur ki, salamı ailədə tərbiyəyə çevirməliyik. Hələ kiçik yaşlarından uşaqlarımıza salamın nə olduğunu aşılamalıyıq...
Biz bir şeyi unuduruq ki, salamı görüşəndə də, ayrılanda da vermək lazımdır. Niyə? - Çünki salam vermək qarşı tərəfi Allahın mərhəmətinə tapşırmaqdır. Yəni, həmişə Allahın mərhəməti altında olasan, Allah səni hər cür xətadan, bəladan qorusun, doğru yoldan sapmayasan...
Bütün bu gözəllikləri uşağınızın könlünə, ruhuna yazmağa çalışın.
Yenicə yeriməyə başlayan körpəyə də salam verin. Yenicə dil açmağa başlayan uşağa da salam verin. Yolunuza çıxan ixtiyara da salam verin. Çünki təkcə tanıdıqlarımıza yox, tanımadıqlarımıza da salam vermək lazımdır.
İslamda hər şeyin öz ədəbi var. Təbii ki, elə salamlaşmağın da. Biz də salamlaşmaq ədəbi ilə bağlı vacib hesab etdiyimiz bəzi qaydaları bölüşək...
- Salam hay-küy sevməz.
- Salamdan əvvəl söz deyilməz, yəni iki nəfər qarşılaşanda deyiləcək ilk söz salam olmalıdır.
- Minikdə olan piyadaya, piyada olan oturana, sayca az olan çox olana salam verməlidir.
- Salam israf edilməz.
- Məzara da salam vermək var.
- Əl sıxmaq sünnətdir.
- Qarşılaşanda olduğu kimi, ayrılanda da salamlaşmaq lazımdır.
- Salamı ilk verən daha çox savab qazanır.
- Biri sizə salam verəndə siz ona daha gözəli ilə cavab verin.
Salam verin, salam alın! Ruhunuz salamla coşsun, salamla şahlansın, salamla təmizlənək, salamla arınaq, salamla salamata çıxaq. Salam köməyimiz olsun!..
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz