
“Facebook” bu yaxınlarda platformada link paylaşmaqla bağlı yeni sınaq aparmağa başlayıb.
Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, “Facebook” müəyyən istifadəçilər üçün aylıq abunə ödəmədən çoxlu link paylaşmağı məhdudlaşdırır.
Bu o deməkdir ki, istifadəçilər ay ərzində yalnız 2-3 xarici veb-link paylaşa bilərlər. Əgər onlar bu limiti keçmək istəyirlərsə, o zaman “Meta Verified” adlı abunə paketinə qoşulmalıdırlar. Bu abunə ən azı 10 funt-sterlinq aylıq ödəniş tələb edir.
Bildirilir ki, bu dəyişiklik hazırda sadəcə məhdud sayda istifadəçi profili və “Facebook Profisional” rejimində olan səhifələr üçün sınaq şəklində aparılır. Profisional rejim daha çox məzmun yaradıcılar, markalar və postlarında linklərlə çox iş görən şəxslər üçün nəzərdə tutulub. Rəsmi məlumatda bu sınağın hələ platformanın bütün istifadəçilərinə şamil olunmayacağı bildirilir.
Şirkət bu addımı “sınaq” adlandırır və bunun səbəbi olaraq “Meta Verified” abunəsinin üstünlüklərini daha cəlbedici etmək göstərilir.
Bu yenilik həm də sosial media mütəxəssislərinin diqqətini çəkib. Onların fikrincə, əgər bu dəyişiklik genişlənərsə, bu, “Facebook”da məlumat paylaşma azadlığına təsir edə bilər. Məsələn, kiçik bizneslər, bloqçular və ya müstəqil yaradıcılar məhz platformada linklər vasitəsilə öz məzmunlarını yayır və izləyicilərlə əlaqə saxlayır.
Məlumatda o da bildirilir ki, bu limit təkcə postlarda paylaşılan linkləri əhatə edir. Şərhlərdə link paylaşmaq məsələsi isə bu sınağın hədəfi deyil və hələlik dəyişməyib.
Ümumilikdə bu addım “Facebook”un gələcək strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Şirkət reklam və abunə gəlirlərini artırmaq üçün pullu xidmətlərə daha çox yönəlir və artıq linklərlə məzmun paylaşmağa daha sərt yanaşır.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz